Şəkər istehsalı 44 faiz artıb, marqarin və meyvə şirələrinin istehsalı azalıb

Şəkər istehsalı 44 faiz artıb, marqarin və

2026-cı ilin yanvar-may aylarında Azərbaycanda qida sənayesinin bir sıra sahələrində artım qeydə alınsa da, bəzi məhsul növləri üzrə istehsal həcmlərində azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə şəkər istehsalı ən yüksək artım nümayiş etdirən məhsullar sırasında olub. Belə ki, ilk beş ayda 169,6 min ton şəkər və qənd istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,7 faiz çoxdur.

Qida məhsulları arasında artım qeydə alınan digər məhsullar sırasında duru bitki yağları da yer alıb. Yanvar-may aylarında 20,9 min ton duru bitki yağı istehsal edilib ki, bu da illik müqayisədə 25 faiz artım deməkdir. Kolbasa məmulatlarının istehsalı 12,2 faiz artaraq 13,5 min tona, şəkərli qənnadı məmulatlarının istehsalı isə 7,5 faiz artaraq 4,1 min tona çatıb.

Makaron məmulatlarının istehsalında 3 faiz, qaymaq və xama istehsalında 2,2 faiz, unlu qənnadı məmulatlarının istehsalında isə 1,7 faiz artım qeydə alınıb.

Bununla yanaşı, bəzi məhsullar üzrə istehsal həcmləri azalıb. Meyvə və tərəvəz şirələrinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz azalaraq 1,7 milyon dekalitr təşkil edib. Meyvə-tərəvəz konservlərinin istehsalı 7,1 faiz, kərə yağının istehsalı 7,9 faiz, çay istehsalı isə 5 faiz azalıb.

Ən böyük azalma marqarin istehsalında qeydə alınıb. Hesabat dövründə 13 min tona yaxın marqarin istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,4 faiz azdır.

Statistik məlumatlara əsasən, pendir və kəsmik istehsalı da 2,8 faiz azalaraq 21,3 min ton təşkil edib. Qida duzu istehsalı isə 9,8 faiz azalaraq 30,3 min tona düşüb.

İyunun 1-nə olan vəziyyətə görə, sənaye müəssisələrinin anbarlarında ən böyük hazır məhsul ehtiyatı meyvə-tərəvəz konservləri üzrə qeydə alınıb və bu göstərici 16,9 min ton təşkil edib. Şəkər və qənd ehtiyatları isə 19,9 min ton olub.

MONETAR.AZ