Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-may ayları üzrə açıqladığı sənaye göstəriciləri ilk baxışdan müsbət mənzərə yaradır. Emal sənayesində 3,7 faizlik artımın qeydə alınması, avtomobil istehsalı, toxuculuq və əczaçılıq kimi sahələrdə yüksək artım templərinin müşahidə olunması qeyri-neft sektorunun inkişaf etdiyini göstərir. Lakin rəqəmlərin daha dərindən təhlili sənayedə bir sıra struktur problemlərin və disbalansların qalmaqda davam etdiyini ortaya qoyur.
Ümumi sənaye istehsalının cəmi 0,2 faiz artması bu baxımdan diqqət çəkən əsas məqamlardan biridir. Çünki emal sənayesində 3,7 faizlik yüksəliş fonunda ümumi sənaye göstəricisinin demək olar ki, dəyişməz qalması sənayenin əsas hissəsini təşkil edən dağ-mədən sektorunda, xüsusilə neft və qaz hasilatında azalma və ya durğunluğun mövcudluğuna işarə edir. Bu isə göstərir ki, qeyri-neft sənayesində əldə olunan nəticələr hələlik hasilat sektorundakı zəifləməni tam kompensasiya etmək gücündə deyil və sənaye istehsalı hələ də xammal sektorundan əhəmiyyətli dərəcədə asılı olaraq qalır.
Sənaye statistikasında diqqət çəkən digər məqam bəzi sahələr üzrə yüksək artım faizlərinin yaratdığı görüntüdür. Məsələn, avtomobil, qoşqu və yarımqoşquların istehsalında 2,8 dəfə artım qeydə alınsa da, bu göstəricinin böyük hissəsi aşağı baza effekti ilə izah olunur. Başqa sözlə, ötən ilin eyni dövründə istehsal həcmi nisbətən aşağı olduğundan, bu il əldə edilən artım faiz ifadəsində daha böyük görünür. Oxşar vəziyyət toxuculuq və əczaçılıq sənayesində də müşahidə edilir. Həmin sahələrdə artım yüksək olsa da, onların ümumi sənaye istehsalındakı payı məhdud olaraq qalır və ümumi sənaye mənzərəsinə təsiri nisbətən zəifdir.
Rəqəmlər emal sənayesinin öz daxilində də qeyri-bərabər inkişaf etdiyini göstərir. Ayrı-ayrı kiçik və orta ölçülü sahələrdə ikirəqəmli artımlar qeydə alınsa da, ümumi emal sənayesinin artımı 3,7 faiz səviyyəsində qalıb. Bu isə onu göstərir ki, sektorun əsas yükünü daşıyan iri istehsal sahələrində – neft məhsullarının emalı, kimya sənayesi, metallurgiya və tikinti materialları istehsalı kimi istiqamətlərdə ya artım zəif olub, ya da ümumiyyətlə durğunluq yaşanıb. Nəticədə kiçik sahələrdəki yüksək artım templəri ümumi göstəriciləri ciddi şəkildə yüksəldə bilməyib.
Digər mühüm məsələ isə sənayedə yaradılan əlavə dəyərin səviyyəsidir. Avtomobil istehsalı, elektrik avadanlıqları və maşın-mexanizmlərin quraşdırılması sahələrində müşahidə olunan artımın əhəmiyyətli hissəsi idxaldan asılı montaj fəaliyyətinə söykənir. Xaricdən gətirilən hissələrin ölkə daxilində yığılması istehsal həcmlərini artırsa da, bu proses iqtisadiyyatda yüksək yerli əlavə dəyər yaratmır. Komponentlərin və xammalın əhəmiyyətli hissəsi idxal hesabına təmin olunduğu üçün istehsal zəncirinin əsas gəliri xaricdə formalaşır. Bu səbəbdən də sənayenin dərinləşməsi və texnoloji inkişafı baxımından lokallaşdırmanın artırılması vacib hesab olunur.
Bütün bunlar göstərir ki, Azərbaycan sənayesi hələ də struktur transformasiyasının mürəkkəb mərhələsindədir. Qeyri-neft sektorunda əldə olunan müsbət nəticələr mühüm əhəmiyyət daşısa da, uzunmüddətli dayanıqlı inkişaf üçün daha yüksək əlavə dəyər yaradan, texnologiya tutumlu və yerli resurslara əsaslanan emal sahələrinin inkişafı zəruridir. Xüsusilə kimya sənayesi, metallurgiya, maşınqayırma komponentlərinin istehsalı və digər yüksək texnologiyalı istiqamətlərdə investisiyaların artırılması sənayenin dayanıqlığını gücləndirə bilər.
Əks halda, son illərdə statistik göstəricilərdə özünü göstərən baza effekti zəiflədikcə emal sənayesində müşahidə olunan yüksək artım templərinin də aşağı düşməsi ehtimalı artacaq və sənaye sektorunun ümumi inkişaf dinamikası yenidən hasilat sektorundakı dəyişikliklərdən asılı vəziyyətdə qalacaq.
MONETAR.AZ