2026-cı ilin yanvar-may aylarında Azərbaycanda tütün məmulatlarının istehsalında əhəmiyyətli artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə həm siqaret, həm də emal olunmuş tütün istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə yüksəlib.
İlk beş ay ərzində ölkədə 7 milyard 42,1 milyon ədəd siqaret istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 19,8 faiz çoxdur.
Tütün sənayesində ən yüksək artım emal olunmuş tütün istehsalında qeydə alınıb. Belə ki, yanvar-may aylarında 1 916,7 ton emal olunmuş tütün istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrünü 2,4 dəfə üstələyir. Statistik göstəricilərə əsasən, bu sahədə istehsal artımı 143,6 faiz təşkil edib.
İyunun 1-nə olan vəziyyətə görə, sənaye müəssisələrinin anbarlarında 1 milyard 145,3 milyon ədəd siqaret ehtiyatı mövcud olub. Emal olunmuş tütün üzrə hazır məhsul ehtiyatı isə 1 363,3 ton təşkil edib.
Məlumatlar göstərir ki, 2026-cı ilin ilk 5 ayında tütün sənayesi istehsal həcmlərinin artımı ilə seçilən sahələrdən biri olub.
MONETAR.AZ