Dünyanın ən zəngin şəxslərindən biri, "Amazon" və "Blue Origin"in qurucusu Ceff Bezos, Parisdə keçirilən nüfuzlu VivaTech 2026 texnologiya konfransında qlobal əmək bazarının gələcəyi ilə bağlı gözlənilməz və olduqca optimist bir tezislə çıxış edib. Reuters-in yaydığı məlumata görə, Bezos bir çox ağıllı insanın süni intellektin (AI) insan əməyini lazımsız edəcəyi barədə narahatlıqları ilə qətiyyən razılaşmadığını və texnologiyanın əksinə — işçi qüvvəsi defisiti yaradacağını iddia edib.
Milyarder bu yanaşmasını insanların görmək istədiyi işlərin "sonsuz" olması, lakin mövcud resurs və texnoloji baryerlər səbəbilə reallaşa bilməməsi ilə əsaslandırıb. Onun fikrincə, AI bu maneələri aradan qaldıraraq yeni iş sahələri açacaq.
Bezos konfransda özünün digər böyük ehtirası olan kosmik sənayeyə və İlon Maskın SpaceX şirkəti ilə rəqabət aparan Blue Origin müəssisəsinə də toxunub. Onun vizyonuna görə, Yer kürəsini qorumağın yeganə yolu sənayeni köçürməkdir: "Əgər kosmik səyahətlər kifayət qədər etibarlı və ucuz başa gələrsə, biz resursları asteroidlərdən və Aydan hasil edə bilərik. Bununla da, ətraf mühiti çirkləndirən ağır sənaye sahələrinin böyük hissəsini Yer kürəsindən kənara çıxarmaq mümkün olacaq və planetimiz sənaye inqilabından əvvəlki ekoloji təmizliyinə qayıdacaq."
"Blue Origin" hazırda may ayında baş verən New Glenn raketinin sınaq partlayışından sonra Floridadakı buraxılış meydançasının sürətlə bərpası və texniki modernizasiyası üzərində çalışır.
Hazırda Amazon, Cisco və digər nəhənglərin kütləvi ixtisarlar etməsi, lakin eyni zamanda milyardlarla dolları süni intellekt infrastrukturuna (və Bezosun yeni startapı Prometheus-a) yatırması kapitalın yer dəyişdirməsidir. Şirkətlər ənənəvi əməyin (rutin kod yazılması, müştəri xidmətləri, baza analitika) xərclərini sıfırlayıb, yüksək ixtisaslı AI mühəndislərinə və hesablama güclərinə (data mərkəzlərinə) investisiya edirlər. Portfel menecerləri üçün bu çıxış bir siqnaldır: Əmək intensivli (labor-heavy) şirkətlərin margin faizləri düşəcək, Bezosun fondları tərəfindən maliyyələşdirilən və sənayeni avtomatlaşdıran "Pure-Play AI" müəssisələri isə uzunmüddətli trendin qalibi olacaq.
MONETAR.AZ