Süni intellekt texnologiyalarından geniş istifadə edən şirkətlərdə işçi sayı bu sahəyə daha az inteqrasiya olunmuş müəssisələrlə müqayisədə daha sürətlə artır.
Bu nəticə beynəlxalq konsaltinq şirkəti PwC-nin dərc etdiyi “Qlobal Süni İntellekt İş Bazarı Barometri” hesabatında yer alıb. Hesabat müəlliflərinin fikrincə, əldə olunan nəticələr süni intellektin əsasən iş yerlərinin azalmasına səbəb olacağı ilə bağlı geniş yayılmış təsəvvürlərlə ziddiyyət təşkil edir.
Araşdırmaya görə, 2018–2025-ci illərdə süni intellektin təsirinə ən çox məruz qalan iri qlobal şirkətlərin işçi sayı 50 faizdən çox artıb. Eyni dövrdə bu texnologiyaların təsirinin ən aşağı olduğu şirkətlərdə işçi sayı təxminən 36 faiz yüksəlib.
PwC ekspertləri bildirirlər ki, şirkətlər süni intellektdən yalnız əməliyyatların avtomatlaşdırılması və xərclərin azaldılması üçün istifadə etmirlər. Əksinə, texnologiya yeni məhsul və xidmətlərin yaradılmasına, biznesin genişlənməsinə və nəticədə əlavə iş yerlərinin açılmasına şərait yaradır.
Hesabatda qeyd olunur ki, süni intellektdən daha fəal istifadə edən şirkətlər məhsuldarlıq və əməkhaqqı artımı baxımından da üstün nəticələr nümayiş etdirirlər. Araşdırma zamanı məhsuldarlıq, məşğulluq və əməkhaqqı artımı göstəriciləri üzrə fərqin 37-47 faiz arasında olduğu müəyyən edilib.
Ekspertlər hesab edirlər ki, süni intellektin tətbiqi iş bazarında müəyyən dəyişikliklər yaratsa da, uzunmüddətli perspektivdə yeni peşələrin və əlavə məşğulluq imkanlarının yaranmasına təkan verə bilər.
MONETAR.AZ