Çinin texnologiya nəhəngi "Huawei", yeni flaqman seriyası "Mate 90" modellərində inqilabi yeniliklərə hazırlaşır. "Huawei Central" nəşrinin yaydığı məlumata görə, smartfon xətti həm yeni nəsil firman "Kirin" prosessoru, həm də sənayedə ilk dəfə tətbiq olunacaq üçölçülü (3D) istilik yayma arxitekturası ilə təchiz ediləcək.
Sızdırılan insayder məlumatlarına əsasən, şirkət mikronasoslu maye konturunu dəstəkləyən çoxsəviyyəli soyutma sistemindən istifadə etməyi planlaşdırır. Bu texnologiyanın ənənəvi üsullardan əsas fərqi ondan ibarətdir ki, istilik yalnız cihazın müstəvisi (horizontal) boyunca deyil, həm də şaquli (vertikal) istiqamətdə paylanır.
Yeni arxitektura istiliyin smartfonun bütün gövdəsinə bərabər paylanmasını təmin edəcək. Bu isə əsas komponentlərin lokal olaraq həddindən artıq qızmasının qarşısını alacaq, cihazın uzunmüddətli və ağır yüklənmələr (məsələn, qrafik oyunlar və ya video redaktə) zamanı performansının düşməsinə imkan verməyəcək və konstruksiyada istiliyin xarici səthə sürətlə ötürülməsi üçün qrafen təbəqələrindən, mis istilikkeçirici elementlərdən və mikronasoslu maye kanallarından istifadə olunacaq.
İnsayderlər arasında yayılan şayiələrə görə, "Huawei" brendi "Mate 90" modelinin miniatür MEMS-ventilyatoruna əsaslanan aktiv soyutma sistemli xüsusi modifikasiyasını da buraxmağı nəzərdən keçirirdi. Lakin son məlumatlar şirkətin daxili ventilyatordan imtina edərək, daha mürəkkəb və səssiz işləyən passiv üçölçülü istilik yayma arxitekturasına üstünlük verdiyini göstərir.
Soyutma sistemi ilə yanaşı, "Mate 90" seriyası brendin "Logic Folding" (məntiqi qatlanma) texnologiyası ilə hazırlanan yeni "Kirin 5G" prosessoruna sahib ilk smartfonu olacaq. Tranzistorların ölçülərinin ənənəvi üsullarla kiçildilməsinin getdikcə çətinləşdiyi və baha başa gəldiyi bir dövrdə, "Huawei" bu addımı çiplərin gücünü artırmağın ən effektiv yolu kimi görür.
Mühəndislərin fikrincə, "Logic Folding" texnologiyası prosessorların hesablama imkanlarını yalnız istehsal texnoloji prosesini (nanometrləri) nazikləşdirməklə deyil, məhz yeni memarlıq və struktur həlləri hesabına optimallaşdırmağa imkan verəcək.
Qeyd edək ki, "Huawei" oxşar məlumat birləşdirmə texnologiyasını daha əvvəl kamerası ilə fərqlənən "Pura 100" modelində də tətbiq etməyi planlaşdırırdı.
MONETAR.AZ