ABŞ və İran arasında əldə olunan ilkin sülh razılaşması və Hörmüz boğazında gəmilərin hərəkətinin bərpa olunacağı barədə xəbərlər təkcə enerji deyil, qlobal kənd təsərrüfatı bazarlarında da kəskin qiymət enişinə səbəb olub. Çikaqo Əmtəə Birjasında (CBOT) bazar ertəsi günü keçirilən ticarət sessiyasında buğda, qarğıdalı və soya fyuçersləri diplomatik yumşalma fonunda ciddi dəyər itirib.
Yaxın Şərqdəki müsbət dinamika buğda növlərinin qiymətini bir buşel üçün ortalama 11–12 sent aşağı salıb. Birjalarda son vəziyyət aşağıdakı kimi formalaşıb:
-
Yumşaq qırmızı payızlıq buğda (iyul fyuçersi): 12,5 sent ucuzlaşaraq $5,72 səviyyəsinə enib.
-
Bərk qırmızı payızlıq buğda (Kanzas birjası): 12,25 sent itirərək bir buşel üçün $6,22 olub.
-
Qarğıdalı fyuçersləri: Eyni diplomatik xəbərlərin təzyiqi altında son 9 ayın ən aşağı həddinə – $4,06 səviyyəsinə geriləyib.
İranın yarımrəsmi "Mehr" agentliyinin məlumatına görə, tərəflər arasında imzalanacaq sülh layihəsində Hörmüz boğazının 30 gün ərzində tamamilə açılması nəzərdə tutulur. Bu saziş neft qiymətlərini aşağı salmaqla, bioyanacaq istehsalında geniş istifadə olunan kənd təsərrüfatı məhsullarının da ucuzlaşmasını sürətləndirib. Soya fyuçersləri də neftin ardınca ucuzlaşaraq bir buşel üçün $11,02 səviyyəsinə düşüb. Sayanın ucuzlaşmasında ABŞ-nin Mərkəzi Qərbindəki əlverişli yağışlı hava şəraiti də rol oynayıb.
Avropanın əsas taxıl istehsalçısı olan Fransadan gələn müsbət xəbərlər də təklif tərəfini gücləndirərək qiymətlərin enişini dəstəkləyib. "FranceAgriMer" kənd təsərrüfatı idarəsinin hesabatına görə ölkədə yumşaq buğda əkinlərinin 77%-i yaxşı və ya əla vəziyyətdədir. Bu göstərici ötən həftə 76%, keçən ilin eyni dövründə isə cəmi 70% təşkil edirdi.
Qlobal bazarda ucuzlaşma meyli dominant olsa da, bəzi regional idxalçılar daxili problemlərlə mübarizə aparır. Şimali Afrika ölkəsi olan Mərakeş xaricdən taxıl idxalından asılılığı azaltmağa və yerli buğda satışına üstünlük verməyə çalışır.
Lakin ölkənin unüyütmə və taxıl ticarəti federasiyalarının rəhbərlərinin verdiyi məlumata görə, bu strategiya ciddi maneələrlə qarşılaşıb. Mərakeşdə builki məhsulun həcmi kifayət qədər olsa da, taxıldakı protein keyfiyyətinin aşağı olması və biçin prosesindəki gecikmələr daxili tələbatın tamamilə yerli məhsulla ödənilməsini çətinləşdirir.
MONETAR.AZ