Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü və Slovakiya Milli Bankının rəhbəri Peter Kazimir bugün verdiyi bəyanatda bildirib ki, ötən həftə qəbul edilən ilk faiz artımı qərarından sonra qurum daha ciddi tənzimləmə tədbirləri görməlidir.
Qeyd edək ki, inflyasiyanı cilovlamaq istəyən AMB keçən həftənin cümə axşamı günü son üç ildə ilk dəfə olaraq faiz dərəcələrini yüksəldib. Tənzimləyici bununla Yaxın Şərqdəki hərbi gərginliyin təsirindən yaranan yüksək enerji xərclərinin Avrozonanın digər iqtisadi sahələrinə sıçramasının qarşısını almağa çalışır.
Peter Kazimir öz məqaləsində hazırkı iqtisadi mənzərəni şərh edərək kəskin xəbərdarlıqlar edib: Enerji xərclərinin yüksək səviyyədə qalması gözləniləndən daha uzun çəkə bilər. ABŞ ilə İran arasında əldə olunan yeni sülh çərçivə sazişi Yaxın Şərq iqtisadiyyatına dəymiş zərəri qısa müddətdə aradan qaldırmaq iqtidarında deyil.
"Biz ortamüddətli qiymət təzyiqlərini idarə etmək üçün ilk addımı atdıq. Lakin missiyamız hələ başa çatmayıb. Əlimizdə olan son iqtisadi məlumatlar göstərir ki, pul-kredit siyasətinin sərtləşdirilməsi istiqamətində işlər davam etdirilməlidir", – deyə Kazimir vurğulayıb.
AMB rəsmisi enerji şokunun artıq bütün iqtisadiyyata yayıldığını və mərkəzi bankdan yüksək bəsirət və çevik reaksiya tələb etdiyini bildirib. O, əlavə sərtləşdirmə addımları atılsa belə, Avrozonada baza inflyasiyasının hələ uzun müddət hədəf olunan 2% səviyyəsindən yuxarı qalacağından narahatlığını ifadə edib.
Kazimir sonda qeyd edib ki, o, qlobal iqtisadi dataları yaxından izləməklə qətiyyətli tədbirlərin operativ şəkildə həyata keçirilməsinin tərəfdarıdır.
MONETAR.AZ