Trampın yeni tarif hədəsi fransız şərab ixracatçılarını təşvişə salıb

Trampın yeni tarif hədəsi fransız şərab ixracatçılarını

Fransanın şərab və spirtli içki ixracatçıları ABŞ Prezidenti Donald Trampın Fransa istehsalı olan şərab və şampan şərablarına 100% rüsum tətbiq etmək hədəsinin sahə üçün ciddi fəsadlar törədəcəyini bəyan ediblər. Bazar ertəsi günü verilən rəsmi açıqlamalarda qeyd olunub ki, böyük ölçüdə xarici bazarlardan asılı olan bu sektor üçün yeni tarif dərəcələri "çox pis xəbər"dir.

Vaşinqtonun bu sərt xəbərdarlığı Parisin Amerika texnologiya nəhənglərinə tətbiq etdiyi 3%-lik rəqəmsal vergi qərarına cavab reaksiyasıdır. Donald Tramp Fransanın bu addımdan geri çəkilməyəcəyi təqdirdə gömrük rüsumlarının dərhal qüvvəyə minəcəyini bildirib.

Fransa Şərab və Spirtli İçki İxracatçıları Assosiasiyası (FEVS) isə öz bəyanatında tərəfləri məsuliyyətli davranmağa və balanslaşdırılmış ticarət münasibətlərini qorumağa çağırıb. Qurum bəyan edib ki, yerli istehsalçılar öz iradələrindən və nəzarətlərindən kənar olan siyasi bir mübahisənin qurbanına çevrilirlər. Assosiasiya hər iki ölkənin iqtisadi maraqları naminə konstruktiv dialoqun tərəfdarı olduğunu vurğulayıb.

Bu, fransız ixracatçıların qarşılaşdığı ilk böyük təhlükə deyil. Belə ki, regionlararası ticarət müharibələrinin pik həddə çatdığı 2025-ci ilin yanvar və mart aylarında da Donald Tramp Fransa və bütövlükdə Avropadan gələn spirtli içkilərə 200%-ə qədər rüsum qoyacağı ilə hədələmişdi.

Ekspertlər bildirirlər ki, ABŞ bazarı fransız premium alkoqollu içki brendləri üçün əvəzedilməz satış nöqtəsidir və bu tariflərin reallaşması həm Fransa iqtisadiyyatına, həm də Amerikadakı idxalçı şirkətlərə milyardlarla dollar ziyan vura bilər.

MONETAR.AZ