1 milyard manatdan çox büdcə vəsaiti faktiki xərcə çevrilməyib

1 milyard manatdan çox büdcə vəsaiti

2025-ci ildə dövlət büdcəsi xərclərinin artım tempi ilə müqayisədə debitor borcların daha sürətlə artması Hesablama Palatasının diqqət çəkdiyi əsas məsələlərdən biri olub.

Palatanın dövlət büdcəsinin icrasına dair rəyində bildirilir ki, hesabat ili ərzində debitor borclar 1 milyard 19,1 milyon manat və ya 17 faiz artaraq 7 milyard 10,1 milyon manata çatıb. Eyni dövrdə dövlət büdcəsi xərcləri cəmi 2,4 faiz artıb.

Nəticədə debitor borcların dövlət büdcəsi xərclərində xüsusi çəkisi 15,9 faizdən 18,2 faizə yüksəlib. Hesablama Palatasının hesablamalarına görə, bu göstərici 2020-ci illə müqayisədə 2,3 dəfə artıb.

Qurum qeyd edir ki, debitor borcların artımı dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin faktiki xərclərə çevrilmədiyini göstərir. Təhlillərə əsasən, 2025-ci ildə dövlət büdcəsindən ayrılmış vəsaitlərin azı 1 milyard 19,1 milyon manatlıq hissəsi faktiki xərc kimi reallaşmayıb.

Hesablama Palatası bunu dövlət büdcəsi xərclərinin kassa icrası ilə faktiki icrası arasındakı fərqin daha da genişlənməsi kimi qiymətləndirir.

Sənəddə vurğulanır ki, debitor borcların məbləğinə xarici kreditlər hesabına maliyyələşən layihələr, dövlət büdcəsindən digər büdcələrə transfertlər və büdcə təşkilatlarının büdcədənkənar xərcləri daxil edilmir.

Bununla yanaşı, Palatanın həyata keçirdiyi audit və nəzarət tədbirləri zamanı bəzi qurumlarda qabaqcadan ödənişlərin debitor borc kimi uçota alınmaması, səhv uçota alınması və ya təsdiqedici sənədlər olmadan bağlanılması halları da aşkarlanıb. Hesablama Palatası hesab edir ki, bu hallar real debitor borcların rəsmi statistikadan daha yüksək ola biləcəyini göstərir.

MONETAR.AZ