Hesablama Palatası 2025-ci il dövlət büdcəsinin icrası ilə bağlı apardığı təhlillər zamanı yerli gəlir və xərclərin tənzimlənməsi məqsədilə mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsaitlərin bölgüsündə bir sıra uyğunsuzluqlar müəyyən edib.
Qurumun rəyinə əsasən, bəzi hallarda yerli gəlir və xərclər arasındakı faktiki fərqlə həmin fərqin aradan qaldırılması üçün ayrılan dotasiya məbləğləri arasında uyğunluq olmayıb.
Məlumata görə, 2025-ci ildə yerli gəlir və xərclərin tənzimlənməsi üçün 5 rayona ümumilikdə 5,3 milyon manat ayrılması proqnozlaşdırılsa da, yerli gəlirlərin yüksək, xərclərin isə aşağı icrası nəticəsində faktiki olaraq 4 rayona 1,5 milyon manat vəsait yönəldilib. Bu göstərici proqnozlaşdırılan məbləğdən 71 faiz az olmaqla yanaşı, 2024-cü ilin icra göstəricisindən də 1,4 milyon manat geri qalıb.
Palatanın təhlili zamanı yanvar ayında xüsusi bir uyğunsuzluq da aşkarlanıb. Belə ki, Xocavənd rayonunda yerli gəlirlər yerli xərcləri 79 min manat üstələdiyi halda, rayona əlavə olaraq mərkəzləşdirilmiş xərclərdən 103 min manat dotasiya ayrılıb.
Hesabatda qeyd olunur ki, bəzi aylarda yerli xərclərini öz gəlirləri hesabına qarşılaya bilməyən rayonlara ayrılan vəsaitin məbləği ilə yerli gəlir və xərclər arasındakı fərq üst-üstə düşməyib. Halbuki mövcud qaydalara görə, ayrılan vəsait həmin fərqə uyğun olmalıdır.
Bundan başqa, 2025-ci ildə Yardımlı və Xocavənd rayonlarında yerli gəlirlər yerli xərcləri üstələməsinə baxmayaraq, həmin rayonlara dotasiya ayrıldığı müəyyən edilib. Eyni zamanda, Kəlbəcər və Cəbrayıl rayonlarına isə yerli gəlir və xərclər arasındakı kəsirdən daha artıq vəsait yönəndirilib.
Hesablama Palatası hesabatlılıq sahəsində də nöqsan aşkarlayıb. Belə ki, Maliyyə Nazirliyinin aylıq təqdim olunan 17 nömrəli əlavəsində 2025-ci ilin mart ayı üzrə Ağdam şəhərinə dair məlumatlar əks etdirilməyib. Nəticədə artan yekun prinsipi ilə tərtib olunan hesabatda məlumatların tam və ardıcıl təqdim olunması təmin edilməyib.
Palata hesab edir ki, qeyd olunan hallar yerli büdcələrin tənzimlənməsi və hesabatlılıq mexanizmlərinin daha dəqiq və şəffaf tətbiq edilməsinə ehtiyac olduğunu göstərir.
MONETAR.AZ