Azərbaycanın qiymətli kağızlar bazarında fəaliyyət göstərən investisiya şirkətlərinin 2025-ci il üzrə maliyyə nəticələri sektorda ciddi struktur dəyişikliklərinin və müəyyən risklərin yarandığını ortaya qoyur. Ümumi daxili dövriyyənin və aktivlərin artmasına baxmayaraq, şirkətlərin yekun rentabillik göstəricilərində kəskin geriləmə müşahidə olunur.
Xalis mənfəətdə kəskin daralma: sektoru kimlər aşağı çəkir?Hesabat ili üzrə ölkədə fəaliyyət göstərən 12 investisiya şirkətinin məcmu xalis mənfəəti 4,28 milyon manat təşkil edib. Bu rəqəm 2024-cü illə müqayisədə 39,9% azdır. Maliyyə sektorunun rəqəmsallaşdığı və kapital bazarlarına marağın artdığı bir dövrdə xalis mənfəətin yarıya yaxın azalması subyektlərin əməliyyat xərclərinin gəlirləri üstələdiyini göstərir.
Bu geriləmənin əsas səbəblərindən biri bazardakı qeyri-bərabər mənfəət bölgüsüdür. Belə ki, 12 şirkətdən 3-ü - "CFI Financial", "MFX Trading" və "Troni" ili birbaşa zərərlə başa vurub. Xüsusilə "MFX Trading" şirkətinin mənfəət zonasından birbaşa zərərə keçməsi, "CFI Financial"ın isə mövcud zərərlərini daha da böyütməsi bu qurumların daxili risk menecmenti və effektivlik strategiyalarında ciddi problemlərin olduğunu nümayiş etdirir. Digər tərəfdən, "Xalq Kapital"ın zərərdən mənfəətə keçməsi fonunda, mənfəətlə işləyən digər 3 şirkətin də qazancının azalması bazarda ümumi bir "rentabillik böhranı"ndan xəbər verir.
Maliyyə paradoksu: Azalan qazanc, artan vergiHesabatın ən diqqətçəkən və problemli tərəfi vergi öhdəlikləri ilə bağlıdır. Belə ki, investisiya şirkətlərinin vergiyəqədərki mənfəəti 25,1% azalaraq 6,839 milyon manata düşüb. Məntiqi olaraq, mənfəət azaldığı üçün dövlət büdcəsinə ödənilən vergi də azalmalı idi. Lakin reallıqda tam tərs proses baş verib: şirkətlərin məcmu mənfəət vergisi ödəmələri 27,6% artaraq 2,559 milyon manata yüksəlib.
Vergiyəqədərki mənfəətin azalması fonunda vergi ödəmələrinin kəskin artması onu göstərir ki, bazarda vergi yükü bərabər paylanmayıb. Şirkətlərin böyük hissəsi zərər etdiyi və ya mənfəətini azaltdığı üçün vergidən yayınmalı olub (və ya qanuni güzəştlərdən istifadə edib), bazarın ümumi vergi yükü isə cəmi bir neçə irihəcmli və yüksək gəlirli şirkətin üzərinə düşüb.
İnvestisiya şirkətlərinin 2025-ci il yekunları kapital bazarında şəffaflığın artırılmasına və daxili xərclərin optimallaşdırılmasına ehtiyac olduğunu göstərir. Mənfəətin bu templə azalması fonunda vergi yükünün artması kiçik və orta həcmli investisiya şirkətlərinin bazardan sıxışdırılıb çıxarılması və ya təmərküzləşmə (birləşmə) prosesini sürətləndirə bilər. Bazarda rəqabətliliyin qorunması üçün tənzimləyici qurumların bu meylləri nəzarətdə saxlaması rəqabət mühiti üçün mühüm əhəmiyyət kəsb edir.
MONETAR.AZ