İyunun 17-də Ağdərədə keçirilən Əlaqələndirmə Qərargahının iclası Böyük Qayıdış strategiyasının yeni mərhələyə keçdiyini göstərir. İclasın gündəliyi və administrasiya rəhbərliyinin açıqlamaları onu deməyə əsas verir ki, işğaldan azad edilmiş ərazilərdə ilkin bərpa və infrastruktur quruculuğu mərhələsi artıq başa çatmaq üzrədir və diqqət daha çox iqtisadi dayanıqlılığın təmin edilməsinə yönəldilir. Yeni mərhələdə əsas məqsəd bu ərazilərin dövlət dotasiyalarından asılı olmayan, özünü maliyyələşdirən və əlavə dəyər yaradan iqtisadi zonalara çevrilməsidir.
Qarşıdakı dövr üçün əsas prioritetlərdən biri investisiya siyasətinin dəyişməsidir. Əgər əvvəlki mərhələdə əsas diqqət yol, enerji və kommunikasiya kimi infrastruktur layihələrinə yönəlmişdisə, indi bu kapital qoyuluşlarının üzərində real iqtisadi fəaliyyətin qurulması, istehsal və məşğulluğun genişləndirilməsi əsas hədəf kimi çıxış edir. Məskunlaşmanın iqtisadi və sosial dayanıqlığının təmin edilməsi də məhz bu yanaşma ilə əlaqələndirilir. Bu çərçivədə dövlətin rolu tədricən infrastruktur qurucusundan daha çox iqtisadi prosesləri stimullaşdıran və özəl təşəbbüsləri dəstəkləyən mexanizmə çevrilir.
İclasda aqrar sektorun inkişafı da xüsusi diqqət mərkəzində olub. “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ilə Böyük Qayıdış layihələrinin uzlaşdırılması regionlarda resursların vahid plan əsasında idarə olunmasını nəzərdə tutur. Torpaq və su ehtiyatlarının səmərəli istifadəsi, kənd təsərrüfatının yalnız ilkin istehsal mərhələsi ilə məhdudlaşmaması, emal sənayesinin inkişafı və əlavə dəyər zəncirinin region daxilində formalaşdırılması əsas istiqamətlər kimi müəyyən edilir. Bu yanaşma həm məşğulluğun artırılmasına, həm də yerli iqtisadi dövriyyənin güclənməsinə xidmət edir.
Böyük Qayıdışın əsas hədəflərindən biri dayanıqlı məşğulluğun təmin olunmasıdır. Ağdərə və Xocalı rayonlarında həyata keçirilən layihələr göstərir ki, regionlarda sənaye və kənd təsərrüfatı paralel şəkildə inkişaf etdirilir və istehsal zəncirlərinin formalaşdırılmasına üstünlük verilir. “Dəmirli” Filiz Emalı Kompleksi kimi layihələr sənaye potensialının bərpası və yeni iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda “Frutti Aqro” MMC-nin intensiv bağçılıq layihələri, Daşbulaqda baramaçılıq və Xanabadda heyvandarlıq kompleksləri kənd təsərrüfatının müasir istehsal və emal yanaşması ilə inkişaf etdirildiyini göstərir.
Bu layihələr yalnız istehsalla məhdudlaşmır, həm də logistika, emal və satış zəncirlərinin region daxilində qurulmasını hədəfləyir. Ekspertlər hesab edirlər ki, Böyük Qayıdışın uğuru təkcə əhalinin geri qayıtması ilə deyil, həmin ərazilərdə sabit və uzunmüddətli gəlir imkanlarının yaradılması ilə ölçüləcək. Bu baxımdan iqtisadi dayanıqlılıq əsas meyar kimi çıxış edir.
İclasda ekoloji məsələlər də gündəmə gətirilib. Xüsusilə su ehtiyatlarının idarə olunması, qənaətli istifadə və müasir suvarma texnologiyalarının tətbiqi vacib istiqamət kimi qeyd olunur. Qarabağ və Şərqi Zəngəzurun su potensialı yüksək olsa da, intensiv kənd təsərrüfatı fəaliyyəti bu resursların səmərəli idarə edilməsini tələb edir. Damcı suvarma və digər qənaətcil texnologiyaların tətbiqi ekosistemin uzunmüddətli dayanıqlığı baxımından zəruri hesab edilir.
Ümumilikdə Ağdərədə keçirilən iclas Böyük Qayıdışın ikinci mərhələsinin fəlsəfəsini formalaşdırır. Bu mərhələdə əsas məqsəd azad edilmiş əraziləri yalnız bərpa olunan deyil, həm də iqtisadi dəyər yaradan və ölkə iqtisadiyyatına töhfə verən regionlara çevirməkdir. Gələcək uğur isə yaradılan infrastrukturun real iqtisadi aktivliyə və dayanıqlı məşğulluğa çevrilmə sürəti ilə müəyyən ediləcək.
MONETAR.AZ