Səyahət xərclərinin əsas hissəsini təşkil edən aviabiletlərə qənaət etməyin effektiv yolları açıqlanıb. Mütəxəssislər bildirirlər ki, düzgün strategiya seçməklə uçuş xərclərini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.
Qənaət etməyin ən sadə üsullarından biri geri qaytarılmayan və baqajsız tariflərdən istifadə etməkdir. Bu tip biletlər adətən daha ucuz olur və yalnız əl yükü ilə səyahət edənlər üçün sərfəlidir.
Ekspertlər həmçinin bir və ya bir neçə transferlə həyata keçirilən uçuşların birbaşa reyslərdən daha ucuz başa gəldiyini qeyd edirlər. Xüsusilə beynəlxalq marşrutlarda İstanbul, Bakı, Tbilisi, Belqrad və Dubay kimi tranzit mərkəzləri vasitəsilə səyahət etmək qiyməti aşağı sala bilər.
Səyahət tarixlərinin çevik seçilməsi də vacib amillərdən biridir. Həftəsonları, bayram günləri və tətil mövsümlərində qiymətlər yüksəldiyi üçün həftənin əvvəlində və ya daha az tələb olan günlərdə uçmaq sərfəli hesab olunur.
Mütəxəssislər biletlərin gediş-dönüş və ya ayrıca alınmasının qiymətlərini müqayisə etməyi də tövsiyə edirlər. Bəzi hallarda hər iki istiqaməti birlikdə almaq, bəzi hallarda isə ayrı-ayrı bron etmək daha sərfəli ola bilər.
Qiymət izləmə xidmətlərindən istifadə etmək də qənaət etməyə kömək edir. Bu sistemlər seçilmiş marşrut üzrə qiymət dəyişikliklərini izləyərək istifadəçiyə bildiriş göndərir.
Aviadaşıyıcıların keçirdiyi kampaniya və endirimlərə nəzarət etmək, onların sosial şəbəkə hesablarını izləmək də ucuz biletlər əldə etmək şansını artırır.
Bundan əlavə, loyallıq proqramlarında iştirak etməklə toplanan millər və bonuslar gələcək uçuşların qismən və ya tam ödənilməsində istifadə oluna bilər.
Mobil tətbiqlər vasitəsilə edilən sifarişlərdə xüsusi endirimlər təqdim olunduğundan, qiymətləri həm veb-sayt, həm də tətbiq üzərindən müqayisə etmək tövsiyə olunur.
Banklar və onlayn platformaların təklif etdiyi keşbek proqramları da əlavə qənaət imkanı yaradır. Bəzi hallarda aviabilet alışına görə ödənilən məbləğin müəyyən hissəsi geri qaytarılır və ya bonus şəklində hesablanır.
Ekspertlər son olaraq “yanan biletlər”ə diqqət yetirməyi məsləhət görürlər. Uçuşa bir neçə gün qalmış satışa çıxarılan bu biletlər çox vaxt bazar qiymətindən xeyli ucuz olur.
MONETAR.AZ