Özəl və dövlət sektorunun maaş fərqi: Hansı sahədə daha yüksəkdir?

Özəl və dövlət sektorunun maaş fərqi:

2026-cı ilin yanvar–aprel aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 6,5 faiz artaraq 1172,1 manat təşkil edib. Rəsmi göstəricilər əmək bazarında ümumi artım tendensiyasının davam etdiyini göstərsə də, sektorlararası fərqlər əməkhaqqı strukturunda ciddi diferensiasiyanın qalmaqda olduğunu ortaya qoyur.

Ən yüksək maaşlar ənənəvi olaraq mədənçıxarma sənayesində qeydə alınıb. Bu sektorda orta aylıq əməkhaqqı 4327,8 manat olub ki, bu da ölkə üzrə orta göstəricini dəfələrlə üstələyir. Xüsusilə özəl sektorda bu rəqəm 5189,2 manat səviyyəsinə yüksəlir. 

Maliyyə və sığorta fəaliyyəti də yüksək əməkhaqqı ilə seçilən sahələrdəndir. Bu sektorda orta aylıq maaş 3261,5 manat təşkil edir. İnformasiya və rabitə sahəsində isə orta əməkhaqqı 2158,8 manat olub ki, bu da rəqəmsal iqtisadiyyatın əmək bazarında daha yüksək dəyər yaratdığını göstərir. P

Əksinə, kənd təsərrüfatı, təhsil, səhiyyə və ticarət kimi sahələrdə əməkhaqları orta göstəricidən xeyli aşağıdır. Məsələn, kənd təsərrüfatında orta maaş 744,1 manat, təhsildə 823,7 manat, səhiyyə və sosial xidmətlərdə isə 952,7 manatdır. 

İqtisadi fəaliyyət növləri üzrə müqayisə göstərir ki, dövlət və qeyri-dövlət sektorları arasında da fərqlər mövcuddur. Məsələn, emal sənayesində dövlət müəssisələrində orta əməkhaqqı 1757,1 manat olduğu halda, özəl sektorda bu göstərici 938,7 manatdır. 

Ümumilikdə əməkhaqqı strukturu Azərbaycanda iqtisadiyyatın dual xarakterini əks etdirir: bir tərəfdə yüksək maaşlı, lakin dar məşğulluq yaradan sektorlar (mədənçıxarma, maliyyə), digər tərəfdə isə geniş məşğulluq yaradan, lakin aşağı gəlirli sahələr (təhsil, kənd təsərrüfatı, səhiyyə). Bu balans gələcək iqtisadi siyasətin əsas çağırışlarından biri olaraq qalır.

MONETAR.AZ