Süni intellektlə işləmək bacarığı əmək bazarında işçilərin gəlirlərinə ciddi təsir göstərir. PwC-nin “Qlobal Süni İntellekt üzrə İş Bazarı Barometri” hesabatına əsasən, süni intellekt bacarıqlarına malik əməkdaşlar digər işçilərlə müqayisədə orta hesabla 62 faiz daha yüksək gəlir əldə edirlər.
Araşdırma çərçivəsində 27 ölkədə 16 müxtəlif sahə üzrə təxminən 1 milyon iş elanı təhlil olunub. Nəticələr göstərib ki, süni intellekt bilikləri tələb edən vəzifələrdə əməkhaqqı fərqi xüsusilə istehlak bazarı sektorunda daha böyükdür. Bu sahədə süni intellekt bacarıqlı işçilərin gəliri digər əməkdaşlardan 118 faiz çox olub.
Yüksək fərq texnologiya, media və telekommunikasiya sahələrində 84 faiz, enerji və resurslar sektorunda 75 faiz, istehsal sənayesində isə 73 faiz təşkil edib.
Hesabata görə, maliyyə xidmətlərində süni intellekt bacarıqları olan əməkdaşların gəlirləri 53 faiz, səhiyyə sahəsində isə 37 faiz daha yüksək olub. Dövlət və ictimai sektorunda bu fərq nisbətən aşağı -16 faiz səviyyəsində qeydə alınıb.
Araşdırmada həmçinin süni intellekt üzrə mütəxəssislərə tələbatın artdığı bildirilib. 2012-ci ildə iş elanlarının təxminən 1 faizi süni intellekt üzrə mütəxəssislərə aid olduğu halda, 2025-ci ildə bu göstərici 2 faizdən yuxarı yüksəlib.
Ən çox süni intellektlə bağlı vakansiyalar texnologiya, media və telekommunikasiya sahəsində qeydə alınıb. Digər sahələrdə bu göstərici təxminən 2–6 faiz arasında dəyişib. Səhiyyə sektorunda isə süni intellektlə əlaqəli vakansiyaların payı təxminən 1 faiz təşkil edib.
Ekspertlərin fikrincə, süni intellekt bacarıqları yaxın illərdə əmək bazarında əsas üstünlüklərdən birinə çevriləcək və işçilərin rəqabət qabiliyyətini artıracaq.
MONETAR.AZ