İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik Toplantılarına sədrlik Azərbaycandan Burkina-Fasoya ötürülüb.
Bakıda keçirilən IsDB Qrupunun 51-ci İllik Toplantılarının yekun plenar iclasında Burkina-Faso Bankın 52-ci İllik Toplantısı üçün Müvəkkillər Şurasının sədri seçilib. Növbəti illik toplantıların 2027-ci ildə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilməsi planlaşdırılır.
Yekun iclasda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov tədbirin təşkilinə və keçirilməsinə töhfə verən bütün tərəflərə təşəkkür edib. Nazir IsDB Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casirə, Bankın rəhbərliyi və əməkdaşlarına, üzv ölkələrin nümayəndələrinə, təşkilatçı komandalara, könüllülərə və tərəfdaşlara minnətdarlığını ifadə edib.
M.Cabbarov toplantıların Bakıda yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirib və 2026-cı il İllik Toplantılarını bağlı elan edib.
Qeyd edək ki, iyunun 16-19-da Bakıda "Dayanıqlı rifah naminə regional inteqrasiya" devizi altında IsDB Qrupunun 51-ci İllik Toplantıları keçirilib. Tədbirdə Banka üzv 57 ölkənin dövlət rəsmiləri, inkişaf institutlarının nümayəndələri, maliyyə sektoru rəhbərləri və ekspertlər iştirak ediblər.
Azərbaycan IsDB Qrupunun İllik Toplantılarına ikinci dəfə ev sahibliyi edib. Ölkə bu mötəbər tədbiri ilk dəfə 2010-cu ildə təşkil etmişdi.
MONETAR.AZ