Azərbaycandakı sənaye zonalarına 5 milyard dollardan çox investisiya yatırılıb

Azərbaycandakı sənaye zonalarına

İndiyədək Azərbaycandakı sənaye zonalarına 5 milyard ABŞ dollarından çox investisiya cəlb olunub və 20 mindən artıq yeni iş yeri yaradılıb.

Bu barədə İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən 51-ci İllik Toplantıları çərçivəsində AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev məlumat verib.

Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən sənaye zonaları 1 700 hektardan çox ərazini əhatə edir. Rezidentlər 10 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən azad olunurlar. Eyni zamanda, idxal edilən avadanlıq və texnikaya görə ƏDV və gömrük rüsumu tətbiq edilmir.

Y.Abdullayev bildirib ki, Qaradağ rayonunda yerləşən Ələt Azad İqtisadi Zonası strateji nəqliyyat qovşağında yerləşməsi ilə investorlar üçün əlavə üstünlüklər yaradır. Zonada 100 faiz xarici mülkiyyət hüququ, mənfəətin sərbəst ölkədən çıxarılması və xüsusi hüquqi rejim təmin edilir.

O qeyd edib ki, hökumət biznesə başlama prosedurlarının sadələşdirilməsi, vergi və gömrük xidmətlərinin rəqəmsallaşdırılması, investor hüquqlarının qorunmasının gücləndirilməsi və lisenziyalaşdırma sisteminin optimallaşdırılması istiqamətində islahatları davam etdirir.

AZPROMO rəhbərinin sözlərinə görə logistika və anbar təsərrüfatı Azərbaycanda investisiya üçün ən perspektivli sahələrdən biridir. O hesab edir ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi ölkənin tranzit və logistika potensialını daha da artıracaq.

MONETAR.AZ