Azərbaycanda kompüter və elektronika istehsalı gerilədi

Azərbaycanda kompüter və

Bu ilin yanvar-may aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalında azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə 692 ədəd noutbuk istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrünün 48,5 faizini təşkil edib ki, bu da 51,5 faizlik azalma deməkdir.

Stolüstü kompüterlərin istehsalı 287 ədəd olub və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 83,1 faiz azalıb. Ölçmə cihazlarının istehsalı isə 153,9 min ədəd təşkil edib ki, bu da illik müqayisədə 29,7 faiz azalma deməkdir.

Elektrik avadanlıqlarının istehsalında da bəzi məhsullar üzrə geriləmə qeydə alınıb. Belə ki, güc transformatorlarının istehsalı 79 ədəd olmaqla ötən ilin eyni dövrü ilə müqayisədə 59,3 faiz azalıb.

Bununla yanaşı, elektrik tənzimləyici cihazların istehsalında artım müşahidə edilib. Hesabat dövründə bu məhsuldan 2 078 ədəd istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrünü 38,3 faiz üstələyib.

Digər elektrik naqillərinin istehsalı 4 170,2 ton təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövrünün 94,9 faizinə bərabər olub və 5,1 faizlik azalmaya işarə edir. İyunun 1-nə sənaye müəssisələrinin anbarlarında 223,9 ton hazır məhsul ehtiyatı mövcud olub.

Bu cədvəldə yalnız elektrik tənzimləyici cihazlar üzrə artım var, qalan bütün məhsullar üzrə azalma qeydə alınıb.

MONETAR.AZ