2026-cı ilin yanvar-may aylarında Azərbaycanda içki istehsalı sahəsində müxtəlif istiqamətlər üzrə fərqli dinamika müşahidə olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bəzi məhsullar üzrə istehsal artdığı halda, digərlərində azalma qeydə alınıb.
Hesabat dövründə ən yüksək artım şirinləşdirilməmiş suların istehsalında qeydə alınıb. İlk beş ay ərzində 13,4 milyon dekalitr şirinləşdirilməmiş su istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz çoxdur.
Alkoqollu içkilər arasında araq istehsalı 1,9 faiz artaraq 595,1 min dekalitrə, pivə istehsalı isə 1,1 faiz artaraq 1,9 milyon dekalitrə çatıb. Üzüm şərabı istehsalında da müsbət dinamika müşahidə olunub və istehsal həcmi 0,9 faiz artaraq 246,3 min dekalitr təşkil edib.
Bununla yanaşı, bəzi məhsullar üzrə azalma qeydə alınıb. Şirinləşdirilmiş suların istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz azalaraq 18,4 milyon dekalitr olub.
Ən ciddi azalma isə viski və brendi istehsalında müşahidə edilib. Yanvar-may aylarında bu kateqoriya üzrə istehsal 147,2 min dekalitr təşkil edib ki, bu da ötən ilin eyni dövrünün cəmi 57,2 faizi səviyyəsindədir. Beləliklə, viski və brendi istehsalı illik müqayisədə 42,8 faiz azalıb.
İyunun 1-nə olan vəziyyətə görə, sənaye müəssisələrinin anbarlarında ən böyük hazır məhsul ehtiyatı şirinləşdirilməmiş sular üzrə qeydə alınıb və 1,2 milyon dekalitr təşkil edib. Şirinləşdirilmiş suların ehtiyatı 862,6 min dekalitr, üzüm şərabının ehtiyatı 616,7 min dekalitr, viski və brendinin ehtiyatı isə 399,3 min dekalitr olub.
MONETAR.AZ