Avropada qaz və elektrik enerjisi bazarları növbəti həftədən etibarən köklü struktur dəyişikliklərinə hazırlaşır. Gündəlik ticarət saatları iki dəfədən çox artırılaraq 21 saata çatdırılır.
Bu qərar Intercontinental Exchange (ICE) tərəfindən elan olunub və ənənəvi 10 saatlıq gündüz ticarət modelinə son qoyur. Yeni rejim Avropa enerji bazarlarını ABŞ və Asiya ticarət mərkəzləri ilə uyğunlaşdıraraq regionun qlobal LNG (mayeləşdirilmiş təbii qaz) bazarında mərkəzi rolunu gücləndirir.
Lokal bazardan qlobal makro alətə keçidTicarət saatlarının genişləndirilməsi qiymətlərin yüksək həssas olduğu dövrə təsadüf edir. Yaxın Şərqdə atəşkəs xəbərlərinə baxmayaraq, Avropa qaz kontraktları münaqişədən əvvəlki səviyyələrlə müqayisədə hələ də təxminən 40% yüksəkdir.
Avropa enerji bazarı artıq boru kəmərlərinə əsaslanan modeldən qlobal LNG axınlarına bağlı sistemə keçib. Bu isə qiymətləri ABŞ-dakı tənzimləyici dəyişikliklərdən tutmuş Asiyada tələbin artımına qədər uzaq faktorların təsirinə açıq edir.
Treyderlər qeyd edir ki, bazar artıq yalnız hava şəraiti və ehtiyat səviyyələri kimi klassik amillərlə məhdudlaşmır. Yeni ticarət qrafiki müxtəlif bazarlar arasında hedcinqi asanlaşdırır və Henry Hub kimi göstəricilərlə inteqrasiyanı gücləndirir.
TTF qlobal həftəni açacaqYeni qaydalara əsasən, TTF kontraktları bazar ertəsi Moskva vaxtı ilə 02:50-də açılacaq və beləliklə qlobal enerji bazarlarında həftənin ilk aktiv ticarət platformasına çevriləcək. Bu, investorların gecə baş verən geosiyasi hadisələrə dərhal reaksiya verməsinə imkan yaradacaq.
Yeni rejimin çətinlikləriBu dəyişiklik ABŞ-da yerləşən iri hedc fondları tərəfindən müsbət qarşılansa da, Avropadakı ticarət komandaları üçün əlavə yük yaradır. 21 saatlıq ticarət faktiki olaraq iş rejimini parçalayır və şirkətləri ya əlavə işçi götürməyə, ya da mövcud əməkdaşlardan gecə növbələrində işləməyi tələb etməyə məcbur edir.
London və Amsterdam kimi mərkəzlərdə çalışan treyderlər xüsusilə iş və şəxsi həyat balansı ilə bağlı narahatlıqlarını ifadə edirlər. Çünki bazara təsir edən xəbərlər olaraq məsələn, Vaşinqtondan gələn açıqlamalar çox vaxt Avropa saatları ilə gecə vaxtına təsadüf edir.
Volatilliyə təsirGenişləndirilmiş ticarət saatlarının müsbət tərəfi odur ki, “kəskin açılış fərqlərini” (gap) azalda və qiymət dəyişkənliyini müəyyən qədər yumşalda bilər. Lakin eyni zamanda gün ərzində likvidliyin parçalanması riski var ki, bu da aşağı ticarət həcmi olan saatlarda qiymət dalğalanmalarını artıra bilər.