ABŞ hakimiyyəti İranın səkkiz il əvvəl Qətər və digər ölkələrin banklarında dondurulmuş aktivlərinin açılmasına razılıq verib. Bu barədə Reuters İranın yüksək vəzifəli mənbəsinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, vəsaitlərin azad edilməsi Hörmüz boğazından təhlükəsiz keçidin təmin olunması ilə birbaşa bağlıdır və bu məsələ danışıqların əsas mövzularından biri olacaq. Aktivlərin nə vaxt azad ediləcəyi isə hələ açıqlanmayıb.
Başqa bir İran mənbəsi bildirib ki, söhbət ABŞ dolları ilə təxminən 6 milyard dəyərində vəsaitdən gedir və bu məbləğ hazırda Qətərin nəzarətindədir.
ABŞ və Qətər Xarici İşlər Nazirliyi hələlik bu məlumatı rəsmi şəkildə təsdiqləməyib.
Qeyd edək ki, sözügedən 6 milyard dollar ilk dəfə 2018-ci ildə dondurulmuşdu. Onun 2023-cü ildə ABŞ və İran arasında məhbus mübadiləsi çərçivəsində azad olunması planlaşdırılsa da, Joe Biden administrasiyası 7 oktyabr 2023 hücumlarından sonra vəsaitləri yenidən bloklamışdı. Bu hücum Hamas tərəfindən həyata keçirilmişdi.
Aprelin 7-də Donald Tramp İranla iki həftəlik atəşkəs elan edib və bu razılaşmaya İsrail də qoşulub. Bu gün isə İslamabad şəhərində Vaşinqton və Tehran nümayəndə heyətləri arasında danışıqların keçirilməsi planlaşdırılır.