Birjalarda qızıl və gümüş kəskin ucuzlaşıb

Birjalarda qızıl və gümüş

ABŞ-da açıqlanan əmək bazarı göstəricilərindən sonra dünya bazarlarında qiymətli metalların qiymətində kəskin azalma qeydə alınıb.

Ticarət məlumatlarına əsasən, qızılın qiyməti 2 faizdən çox enərək bir unsiya üçün 5 000 ABŞ dollarından aşağı düşüb. Gümüş təxminən 7 faiz ucuzlaşıb. Palladiumun qiyməti 4 faiz, platin isə 5 faiz azalıb.

Eyni zamanda, ABŞ fond bazarlarında da geriləmə müşahidə olunur. S&P 500 indeksi 1,1 faiz dəyər itirib. “Apple” şirkətinin səhmləri 3 faizdən çox, “Cisco”nun səhmləri isə təxminən 12 faiz ucuzlaşıb.

“Bloomberg” agentliyinin məlumatına görə ABŞ-da məşğulluq üzrə açıqlanan müsbət göstəricilər Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini yaxın vaxtlarda azaltacağına dair gözləntiləri zəiflədib. Analitiklər inflyasiya ilə mübarizə prosesinin hələ başa çatmadığını bildirirlər. Bu amillər investorların riskli aktivlərə marağını azaldıb.

ABŞ Əmək Nazirliyinin məlumatına görə, fevralın 7-də başa çatan həftə üzrə işsizlik müavinəti üçün ilkin müraciətlərin sayı əvvəlki həftə ilə müqayisədə 5 min azalaraq 227 minə enib. Proqnoz 222 min idi. Yanvar ayında ölkədə işsizlik səviyyəsi 4,4 faizdən 4,3 faizə düşüb.

Mütəxəssislər qeyd edirlər ki, ABŞ-da güclü əmək bazarı göstəriciləri pul-kredit siyasətinə dair gözləntilərə təsir göstərərək əmtəə və fond bazarlarında dalğalanmanı artırır.

MONETAR.AZ