İrandakı hərbi münaqişə püstə qiymətlərinin son illərin maksimum səviyyəsinə yüksəlməsinə səbəb olub. Bu barədə Financial Times analitiklərə istinadən məlumat yayıb.
Məlumata görə, İran dünya püstə istehsalının təxminən beşdə birini və ixracın 30%-ə qədərini təmin edir. Lakin münaqişə səbəbindən ölkədən məhsul ixracı ciddi çətinliklərlə üzləşib. Logistika zəncirləri pozulub, gəmiçilik şirkətləri marşrutlarını dəyişir, bu isə tədarükdə gecikmələrə və xərclərin artmasına gətirib çıxarır.
Expana şirkətinin məlumatına görə, mart ayında püstənin qiyməti hər funt üçün təxminən 4,57 dollara çatıb ki, bu da 2018-ci ildən bəri ən yüksək göstəricidir.
Qiymət artımına qlobal tələbatın yüksəlməsi də təsir edir. Xüsusilə tərkibində püstə kremi istifadə olunan məşhur Dubay şokoladı kimi məhsullara maraq artıb.
Analitiklər qeyd edirlər ki, mövcud vəziyyət bazardakı əvvəlki problemləri daha da dərinləşdirib. Belə ki, 2025-ci ildə əsas istehsalçılar — ABŞ, Türkiyə və İranda məhsuldarlıq gözləntilərdən aşağı olub. İranda isə əlavə olaraq quraqlıq da vəziyyəti ağırlaşdırıb. Eyni zamanda, ölkəyə tətbiq edilən sanksiyalar ixrac imkanlarını məhdudlaşdırmağa davam edir.
Sahə nümayəndələrinin sözlərinə görə, döyüşlər Bəndər-Abbas limanı vasitəsilə daşımaları ciddi şəkildə çətinləşdirib. Nəticədə ixracatçılar alternativ marşrutlara yönəlirlər. Məsələn, Türkiyənin Mersin limanı və Süveyş kanalı üzərindən daşımalar həyata keçirilir. Çin istiqamətində isə dəmir yolu marşrutundan istifadə olunur, lakin bu yol daha baha və mürəkkəb hesab edilir.