ABŞ və Avropa İttifaqı kritik minerallar üzrə planı təqdim edib

ABŞ və Avropa İttifaqı kritik minerallar üzrə planı

ABŞ və Avropa İttifaqı kritik əhəmiyyətli mineralların tədarük zəncirləri üzrə ticarət siyasətinin koordinasiyasına dair fəaliyyət planı açıqlayıb. Plan çərçivəsində tərəflər məcburi xarakter daşıyan çoxtərəfli (plurilateral) sazişin mümkünlüyünü də araşdırmağı nəzərdə tutur.

Bu təşəbbüs Donald Tramp administrasiyasının qabaqcıl istehsalatda istifadə olunan materiallar üzrə Qərb müttəfiqləri ilə əməkdaşlığı gücləndirmək siyasətinin bir hissəsidir. Hazırda Çin yarımkeçiricilər, elektromobillər və müasir silah istehsalı üçün lazım olan mineralların emalının böyük hissəsinə nəzarət edir.

ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir bildirib ki, Vaşinqton və Brüssel “bazar prinsiplərinə uyğun olmayan siyasət və təcrübələrin yaratdığı problemlərin aradan qaldırılması” istiqamətində ortaq mövqe bölüşür. Bu məqsədlə o, Aİ-nin ticarət üzrə komissarı Maroş Şefçoviç ilə görüş keçirib.

Tərəflər həmçinin sərhəddə tənzimlənən minimum qiymətlər kimi ticarət alətlərinin tətbiqini araşdıracaq. Bu mexanizmlərin daxili istehsalı və sənaye rəqabət qabiliyyəti üçün strateji əhəmiyyət daşıyan sektorları gücləndirəcəyi gözlənilir.

Qeyd olunur ki, Çin mineral emalı sahəsindəki üstün mövqeyindən iqtisadi rıçaq kimi istifadə edərək zaman-zaman ixracı məhdudlaşdırıb, qiymətləri aşağı salıb və digər ölkələrin alternativ mənbələrə çıxış imkanlarını zəiflədib.

MONETAR.AZ