Çinin Infinix şirkəti bazarda ilk dəfə tam funksional su ilə soyutma sisteminə malik smartfon təqdim edib. Bu barədə Android Authority nəşri məlumat yayıb.
Söhbət Infinix GT 50 Pro modelindən gedir. Qeyd olunur ki, oyun yönümlü bəzi smartfonlarda maye soyutma elementləri əvvəllər də olub, lakin ilk dəfədir ki, kompüterlərdə istifadə edilən tamhüquqlu su soyutma sisteminə bənzər texnologiya mobil cihaza tətbiq olunur.
Model böyüdülmüş buxarlanma kamerası ilə təchiz edilib. Bundan əlavə, cihazda mikro nasos vasitəsilə maye əsas komponentlər arasında dövr edir və qızmanı azaldır. Şirkətin bildirdiyinə görə, nasos dəqiqədə 6,5 millilitr məhsuldarlıqla işləyir, suyun hərəkətini isə arxa paneldəki şəffaf kanallar vasitəsilə müşahidə etmək mümkündür. Oxşar, lakin daha böyük ölçülü sistemlər adətən oyun kompüterlərində istifadə olunur.
Texniki xüsusiyyətlərə gəldikdə, smartfon MediaTek Dimensity 8400 Ultimate prosessoru, 144 Hz yenilənmə tezliyinə və 4500 nit pik parlaqlığa malik 6,78 düymlük ekran, eləcə də 6500 mAh tutumlu batareya ilə təchiz edilib. Modelin qiyməti hələ açıqlanmayıb.
Xatırladaq ki, bundan əvvəl Huawei şirkəti ekran üzərinə əvvəlcədən yapışdırılmış qoruyucu plyonka ilə smartfon istehsalını dayandırdığını bildirmişdi. Şirkət bunu yeni cihazların ekranlarının kifayət qədər möhkəm olması ilə izah edib.
MONETAR.AZ