2027-ci ildən tətbiqi planlaşdırılan xarici dil imtahanlarının yeni modelinin əsas məqsədi şagirdlərin dil bacarıqlarını daha real, funksional və kommunikativ şəkildə qiymətləndirməkdir.
Bu barədə Azərbaycan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Tam orta təhsil səviyyəsində xarici dil fənni üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” mövzusunda keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, son illərdə xarici dillər üzrə biliklərin qiymətləndirilməsi sahəsində mühüm islahatlar həyata keçirilib. Xüsusilə qiymətləndirmə alətləri CEFR (Ümumi Avropa Dil Kompetensiyaları Çərçivəsi) standartlarına uyğunlaşdırılıb.
Qeyd olunub ki, yeni imtahan modeli müəllimlərə tədris prosesini daha səmərəli planlaşdırmağa imkan verəcək və yazı bacarıqlarının sistemli inkişafını təmin edəcək. İctimaiyyətin daha geniş məlumatlandırılması məqsədilə bu cür tədbirlərin regionlarda da keçirilməsi planlaşdırılır.
Qurum rəhbəri əlavə edib ki, təkmilləşdirilmiş imtahan modeli üzrə pilot layihə çərçivəsində Bakı və Sumqayıtın müxtəlif məktəblərindən ümumilikdə 858 şagirdin iştirakı ilə sınaq imtahanları keçirilib.