Orta Şərqdə artan geosiyasi gərginlik Türkiyənin səhiyyə turizmi sektoruna mənfi təsir göstərib. Qısa müddətdə yaranan tələbat azalması xüsusilə Körfəz ölkələrindən gələn pasiyent axınında ciddi enişlə müşahidə olunur.
Məlumata görə, bölgədəki risklərin artması fonunda uçuşların ləğvi və təhlükəsizlik narahatlıqları bir çox xəstənin səfərlərini təxirə salmasına və ya tamamilə ləğv etməsinə səbəb olub. Bu vəziyyət estetik əməliyyatlardan tutmuş onkoloji müalicələrə qədər geniş sahədə özünü göstərir.
Ekspertlər bildirirlər ki, yaranmış vəziyyət yalnız qısamüddətli təsirlərlə məhdudlaşmır. Sektorda mövcud olan struktur problemlər də daha aydın üzə çıxır. Xərclərin artması və Türkiyənin əvvəlki illərdə malik olduğu qiymət üstünlüyünün zəifləməsi ölkənin qlobal rəqabətdə mövqeyini çətinləşdirir.
Qeyd olunur ki, səhiyyə turizmi Türkiyə iqtisadiyyatı üçün mühüm gəlir mənbələrindən biridir. Lakin mövcud geosiyasi şərait və iqtisadi amillər sektorun gələcək inkişafı ilə bağlı sualları artırır.
MONETAR.AZ