Bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 55 282 şagird buraxılış imtahanında iştirak edir.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Mərkəzin bildirdiyinə görə, imtahanda sağlamlıq imkanları məhdud olan 79 şagird də iştirak edəcək. Onların (görmə, eşitmə məhdudiyyətləri, serebral iflic və digər hallar) rahat iştirakı üçün xüsusi zallar ayrılıb, ağır görmə problemi olanlar üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyəti olan şagirdlərin sərbəst hərəkəti üçün də şərait yaradılıb və nəzarətçilər üçün xüsusi təlimlər keçirilib.
İmtahanların keçiriləcəyi şəhər və rayonlarda ümumilikdə 240 imtahan binası və 4 171 zal ayrılıb. Prosesə 926 imtahan rəhbəri və ümumi rəhbər, 5 197 nəzarətçi, 731 mühafizə əməkdaşı və 240 bina nümayəndəsi cəlb olunub.
İmtahanlar Bakının Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə) və Nəsimi rayonlarında, eləcə də Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad (II hissə), Masallı (II hissə), Bərdə, Tərtər, Göyçay, Saatlı, Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad (II hissə), Xaçmaz (II hissə), Quba (II hissə) rayonlarında, həmçinin Ağdərə rayonunda (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd məktəblərində), Laçında (şəhər 2 nömrəli məktəb, Zabux və Sus kənd tam orta məktəblərində), Bakıda xüsusi təyinatlı məktəblərdə (internatlar, penitensiar müəssisələrdəki məktəblər) və gürcü dilində təhsil alan məzunlar arasında keçiriləcək.
İmtahan saat 11:00-da başlayıb. Buraxılış rejimi isə 10:45-də — imtahana 15 dəqiqə qalmış başa çatacaq. Bu vaxtdan gec gələn iştirakçılar imtahana buraxılmayacaqlar.