DİM-də Türkiyənin YTB nümayəndələri ilə görüş keçirilib

DİM-də Türkiyənin YTB nümayəndələri ilə

23 aprel 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzində Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsinin (YTB) nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, sədrin müşaviri Çingiz Xəlilov, YTB-nin koordinatoru Servet Turanın rəhbərlik etdiyi nümayəndə heyəti və DİM-in müvafiq struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

Görüş zamanı türk dövlətləri arasında ali təhsil müəssisələrinə qəbul, ortaq layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin artırılması məsələləri müzakirə olunub. İdarə Heyətinin sədri Məleykə Abbaszadə qonaqlara DİM-in fəaliyyət istiqamətləri, eləcə də qurumun 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin imtahan mərkəzləri arasında təhsil, qiymətləndirmə və imtahanların təşkili sahəsində imzalanmış Niyyət Protokolu barədə məlumat verib.

YTB nümayəndələri isə “ORTAK” proqramı barədə ətraflı məlumat təqdim edib. Bildirilib ki, “Türk Dünyası Yüksəköğretimində Ortaqlıq Sertifika Programı” adlanan bu təşəbbüs Türk dünyasında ali təhsil sahəsində çalışan mütəxəssis və idarəçilərə yönəlmiş sertifikat proqramıdır. Proqramın əsas məqsədi ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, idarəçilik sahəsində bilik və təcrübə paylaşımının təşviqi, həm nəzəri, həm də praktiki bacarıqların inkişafına töhfə verməkdir.

Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, gələcək əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, görüşdən öncə qonaqlar DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə də tanış olublar.