Analitik provayder Kpler-in hesablamalarına görə, iki aydan az müddətdə dünya bazarları €50 milyarddan çox dəyərində neftdən məhrum olub. Hörmüz boğazının blokadası nəticəsində 500 milyon bareldən artıq neft tədarükü dayanıb ki, bu da müasir tarixdə ən böyük logistika pozuntularından biri hesab olunur.
Citibank-ın proqnozuna görə, iyunun sonuna qədər itkilər daha da artacaq və əlavə olaraq 400 milyon barel neft bazara çatmayacaq. Böhranın əsas mərkəzi Fars körfəzi ölkələridir. Bu regionda aviasiya yanacağının ixracı fevraldakı 19,6 milyon bareldən mart–aprel aylarında 4,1 milyon barelə qədər kəskin azalıb.
Qətər mayeləşdirilmiş təbii qaz (LNG) istehsal gücünün təxminən beşdə birini itirib və bu itkilərin bərpası 3–5 il çəkə bilər.
Ən ciddi təsiri Asiya ölkələri hiss edib. Böhrana qədər boğazdan keçən neftin 84%-i məhz bu regiona yönəlirdi. Alternativ mənbə kimi Rusiya çıxış edib və tədarükü artırıb. Mart ayında Rusiyanın Hindistana neft ixracı iki dəfə artaraq gündəlik təxminən 2 milyon barelə çatıb. İlk partiyalar Cənubi Koreyaya da göndərilib, Tayland, İndoneziya və Şri-Lanka isə uzunmüddətli müqavilələr üzrə danışıqlara başlayıb.
Avropada da vəziyyət çətinləşib. Region Ormuz boğazı vasitəsilə neftin təxminən 5%-ni və LNG-nin 13%-ni alırdı. Böhran nəticəsində dizel yanacağı çatışmazlığı yaranıb və qaz qiymətləri kəskin artıb. Mart ayında qiymətlər 1,5 dəfə yüksələrək 1000 kubmetr üçün €600 həddini keçib.
Avropa İttifaqı vəziyyəti sabitləşdirmək üçün təcili şəkildə Rusiya LNG-sinin idxalını artırmalı olub və buna €2,88 milyard xərcləyib. Avropa Komissiyasının nümayəndəsi Dan Yorgensen isə ABŞ və İsrailin İranla müharibəsi fonunda enerji xərclərinin ümumilikdə €24 milyard (gündə təxminən €500 milyon) təşkil etdiyini bildirib.