Çin malları kəskin bahalaşır: dünya qiymət şoku ilə üzləşə bilər

Çin malları kəskin bahalaşır: dünya qiymət şoku ilə

Çin ixracatçıları tibbi məhsullardan tutmuş geyim və məişət texnikasına qədər geniş çeşiddə malların qiymətlərini artırmağa başlayıblar. Bu artımın əsas səbəbi İranla bağlı müharibə fonunda neft və onunla əlaqəli xammalın bahalaşmasıdır. Bu isə qlobal istehlak inflyasiyasının yenidən sürətlənə biləcəyinə işarə edir.

Gömrük statistikasına görə, mart ayında Çindən ixrac olunan istehlak mallarının ondan çox kateqoriyasında illik ifadədə ciddi qiymət artımı qeydə alınıb. Bu, son üç ildə müşahidə olunan mühüm tendensiyanı, yəni sərt rəqabət və artıq istehsal səbəbindən ixrac qiymətlərinin ucuzlaşmasını dayandırıb. Əvvəllər ucuz Çin malları ABŞ, Avropa və Böyük Britaniyada qiymət artımını cilovlayan “deflyasiya buferi” rolunu oynayırdı.

İndi isə Çin istehsalçıları artan xərcləri xarici müştərilərin üzərinə ötürməyə məcburdur. Xüsusilə plastik, kauçuk və sintetik liflərdən asılı olan sahələr (geyim, kateterlər, şprislər və s.) daha çox zərər görüb. Məsələn, mart ayında Çindən ixrac olunan tibbi şprislərin qiyməti 20% artıb.

Bloomberg Economics-in qiymətləndirməsinə görə, enerji qiymətlərinin artması fonunda 2026-cı ildə inflyasiyanın 3%-dən yuxarı olması Avrozon, ABŞBöyük Britaniya üçün yenidən real riskə çevrilir.

Hazırda bu artımın tam təsiri hələ istehlakçılara çatmayıb, çünki son aylarda daşınan malların çoxu əvvəlki müqavilələr üzrə satılıb. Lakin ekspertlər yaxın aylarda inflyasiya təzyiqinin daha aydın hiss olunacağını bildirirlər.

Goldman Sachs-ın hesablamalarına görə, neft qiymətlərində 10%-lik artım Çin ixrac qiymətlərini yüksəldir və bu təsirin pik nöqtəsi adətən 4–5 ay sonra müşahidə olunur.

Daxili bazarda zəif tələbat və güclü rəqabət istehsalçıların bütün xərcləri alıcılara ötürməsinə mane olsa da, dünya bazarları artıq mağazalarda qiymətlərin artacağına hazırlaşır.

MONETAR.AZ