Çin Avropa İttifaqının Rusiyaya qarşı son sanksiya paketinə Çin şirkətlərinin daxil edilməsinə cavab olaraq “zəruri tədbirlər” görəcəyini bəyan edib. Bu barədə Bloomberg məlumat yayıb.
Çinin Ticarət Nazirliyinin açıqlamasında bildirilir ki, bu addım Avropa İttifaqı ilə əldə olunmuş əvvəlki razılaşmalara ziddir və tərəflər arasındakı siyasi öhdəlikləri zədələyir. Pekin qeyd edib ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, Aİ Çin şirkətlərini Rusiyaya qarşı 20-ci sanksiya paketinə daxil edib.
Rəsmi Pekin bu qərardan “kəskin narazılıq” ifadə etdiyini və buna qəti etiraz etdiyini vurğulayıb. Çin tərəfi həmçinin mümkün nəticələrə görə məsuliyyətin tam şəkildə Aİ-nin üzərinə düşəcəyini bildirib.
Aİ-nin yeni sanksiyaları əsasən üçüncü ölkələrdən Rusiyaya yüksək texnologiyalı və ikili təyinatlı məhsulların tədarükünü məhdudlaşdırmağa yönəlib. Brüssel bəzi Çin şirkətlərini Rusiyanın hərbi-sənaye kompleksinə belə məhsullar ötürməkdə ittiham edir.
Bu gərginlik Pekin ilə Brüssel arasında iqtisadi və siyasi münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.