Tramp: İranın neft infrastrukturu təhlükə altındadır

Tramp: İranın neft infrastrukturu

ABŞ prezidenti Donald Tramp İranla bağlı sərt bəyanatla çıxış edib. O, Fox News telekanalına müsahibəsində bildirib ki, İranın neft infrastrukturu yaxın günlərdə ciddi təhlükə ilə üzləşə bilər.

“İranın təxminən üç günü qalıb”, – deyə Tramp vurğulayıb. Onun sözlərinə görə, hazırkı vəziyyətdə danışıqlarda üstünlük ABŞ-ın tərəfindədir.

ABŞ lideri həmçinin İranla münaqişənin tezliklə başa çata biləcəyini qeyd edib.

Eyni gün İran prezidenti Məsud Pezeşkian də məsələ ilə bağlı açıqlama verib. O, ABŞ-ın addımları ilə diplomatik bəyanatları arasında ziddiyyət olduğunu bildirib. Pezeşkianın sözlərinə görə, Vaşinqton bir tərəfdən danışıqlara hazır olduğunu deyir, digər tərəfdən isə Tehrana təzyiq göstərməyə davam edir.

İran prezidenti vurğulayıb ki, ölkəsi təzyiq, təhdid və ya blokada şəraitində danışıqlara getməyəcək.

Hazırda ABŞ və İran arasında ötən həftə uzadılmış atəşkəs qüvvədədir. Buna baxmayaraq, regionda vəziyyət gərgin olaraq qalır. Xüsusilə Hörmüz boğazı üzərindən gəmi hərəkəti kəskin azalıb. Münaqişədən əvvəl gündə təxminən 130 gəmi keçdiyi halda, indi bu rəqəm cəmi 5 gəmi səviyyəsindədir.

Müşahidəçilər qeyd edirlər ki, bölgədə artan gərginlik qlobal enerji bazarlarına da təsir göstərə bilər.

MONETAR.AZ