Dünən Almaniyada elektrik enerjisinin qiymətləri günəş enerjisi istehsalının kəskin artması və həftəsonu tələbatın azalması fonunda rekord minimum səviyyəyə enib. Bu barədə Bloomberg yazır.
Epex Spot SE birjasında elektrik enerjisinin qiyməti hər meqavat-saat üçün mənfi 413,77 avroya düşüb. Qonşu Fransada isə eyni vaxtda qiymət mənfi 412,55 avro təşkil edib.
Son illərdə günəş elektrik stansiyalarının geniş şəkildə tikilməsi nəticəsində Avropada mənfi qiymətlər getdikcə daha tez-tez müşahidə olunur. Bu hal ciddi struktur problemi üzə çıxarır: enerji saxlama sistemlərinin çatışmazlığı və elektrik şəbəkələrindəki logistika məhdudiyyətləri istehsal olunan enerjinin tam mənimsənilməsinə imkan vermir. Nəticədə bəzi günəş stansiyaları müvəqqəti olaraq fəaliyyətini dayandırmağa məcbur qalır.
Günün ən günəşli saatlarında qiymətlər kəskin şəkildə düşsə də, axşam saatlarında yenidən sürətlə yüksəlib. Lion Hirt bildirib ki, belə yüksək volatillik enerji sisteminin kifayət qədər çevik olmamasını göstərir.
Həmin gün Avropanın böyük hissəsində açıq hava şəraiti nəticəsində günorta saatlarında Almaniyada günəş enerjisi istehsalı 44 giqavat səviyyəsinə çatıb. Eyni zamanda mülayim yaz temperaturu günəş panellərinin effektivliyini artırıb (yayın həddindən artıq istisi isə əksinə, məhsuldarlığı azalda bilər).
Sinoptiklərin proqnozuna görə, yaxın günlərdə Avropanın şimal-qərb və mərkəzi hissələrində daha buludlu hava gözlənilir, lakin həftənin sonuna doğru yenidən günəşli günlər qayıda bilər.