Avropada nüvə layihələri bahalaşır və gecikir

 Avropada nüvə layihələri bahalaşır

Avropada yeni nüvə enerji layihələri ciddi maliyyə artımı və gecikmələrlə üzləşir. Son illərdə həyata keçirilən iri layihələr göstərir ki, müasir reaktor texnologiyalarının tətbiqi gözlənildiyindən daha çətin və bahalı başa gəlir.

Məlumata görə, Finlandiyada inşa olunan “Olkiluoto 3” reaktorunun dəyəri ilkin 3,2 milyard avrodan 11 milyard avroya yüksəlib, tikinti müddəti isə 4 ildən 18 ilə qədər uzanıb. Fransadakı “Flamanville 3” layihəsində də oxşar vəziyyət müşahidə olunur – xərclər 3,3 milyard avrodan 23,7 milyard avroya çatıb, tikinti müddəti isə 5 ildən 17 ilə qədər artıb. Böyük Britaniyada davam edən “Hinkley Point C” layihəsinin isə ümumi dəyərinin təxminən 55 milyard avroya çatacağı proqnozlaşdırılır ki, bu da ilkin hesablamalardan iki dəfədən çoxdur.

Mütəxəssislər gecikmələrin və xərclərin artmasının bir neçə əsas səbəbini qeyd edirlər. Bunlara yeni nəsil reaktorların ilk dəfə tətbiqi, mürəkkəb tənzimləyici tələblər, təhlükəsizlik standartlarının daim yenilənməsi, həmçinin təchizat zəncirində yaranan problemlər daxildir. Bundan əlavə, Avropada uzun müddət yeni nüvə stansiyalarının tikilməməsi səbəbindən sənaye təcrübəsinin zəifləməsi də prosesə mənfi təsir göstərir.

Bu amillər layihələrin iqtisadi səmərəliliyinə də təsir edir. Tikintinin uzanması maliyyələşdirmə xərclərini artırır və gəlir əldə olunmasını gecikdirir.

Bununla yanaşı, digər ölkələrdə vəziyyət fərqlidir. Çin və Cənubi Koreya kimi ölkələrdə nüvə layihələri daha qısa müddətdə və nisbətən aşağı xərclərlə həyata keçirilir. Bu isə standartlaşdırılmış dizaynlar və davamlı tikinti təcrübəsi ilə izah olunur.

Eyni zamanda, Türkiyə və Misir kimi ölkələrdə də iri nüvə layihələri həyata keçirilir. Bu layihələr əsasən xarici tərəfdaşların iştirakı ilə icra olunur və uzunmüddətli perspektivdə enerji təminatında mühüm rol oynayacağı gözlənilir.

MONETAR.AZ