Dünyada benzin qiymətləri kəskin artıb – bəzi ölkələrdə 100 faizi keçib

Dünyada benzin qiymətləri kəskin artıb –

2026-cı ilin fevral ayının sonlarından etibarən baş verən İran münaqişəsi fonunda dünya üzrə benzin qiymətlərində ciddi artım qeydə alınıb. Qısa müddət ərzində bəzi ölkələrdə yanacağın qiyməti iki dəfədən çox bahalaşıb.

Məlumata əsasən, fevralın 23-dən aprelin 13-dək olan dövrdə 128 ölkə üzrə aparılan təhlil göstərir ki, ən yüksək artım Myanmada qeydə alınıb – burada benzin qiymətləri 101 faizdən çox yüksəlib. Sonrakı yerlərdə Filippin (72,6 faiz) və Malayziya (68,1 faiz) qərarlaşıb.

Ümumilikdə, ən çox bahalaşmanın müşahidə edildiyi ilk 10 ölkədən 5-i Cənub-Şərqi Asiya regionuna aiddir. Bu isə regionun idxal olunan enerjidən yüksək asılılığı ilə izah olunur. Xüsusilə Hörmüz boğazı vasitəsilə neft tədarükündə yaranan risklər qiymətlərə birbaşa təsir göstərir.

Siyahıda digər ölkələr də diqqət çəkir. Zimbabvedə qiymətlər 42,9 faiz, Pakistanda 42 faiz, Birləşmiş Ərəb Əmirliklərində isə 40,8 faiz artıb. Hətta ABŞ kimi böyük iqtisadiyyatda da benzin qiymətləri 35 faizdən çox yüksəlib.

Afrika regionunda da bahalaşma ciddi sosial-iqtisadi təsir yaradır. Tanzaniya və Malavi kimi ölkələrdə yanacaq qiymətlərinin 30 faizdən çox artması nəqliyyat və yaşayış xərclərini yüksəldir.

Ekspertlər bildirirlər ki, yanacaq qiymətlərinin artımı təkcə enerji bazarı ilə məhdudlaşmır. Enerji gübrə istehsalında əsas amillərdən biri olduğundan, bu bahalaşma kənd təsərrüfatına da təsir edir və yaxın aylarda ərzaq qiymətlərinin artması riskini gücləndirir.

Mütəxəssislərin fikrincə, enerji bazarlarında qeyri-sabitlik davam edərsə, xüsusilə idxaldan asılı ölkələrdə qiymət təzyiqi daha da arta bilər.

MONETAR.AZ