Kredit müqaviləsində diqqətdən qaçan bircə sətir borcalana on minlərlə vəsait hesabına başa gələ bilər. Mütəxəssislərin rəyinə görə, bir çox borcalanlar müqaviləni ya oxumur, ya da şərtləri səthi şəkildə nəzərdən keçirirlər. Bu isə əlavə komissiyalar, sığortanın avtomatik uzadılması və digər əlverişsiz şərtlərlə üzləşmək riskini yaradır.
Kreditin tam dəyəri və faiz dərəcəsi
Müqavilənin ilk səhifəsində, adətən sağ yuxarı küncdə kreditin tam dəyəri (KTX – Kreditin Tam Xərcləri) göstərilməlidir. Bura yalnız faizlər deyil, həm də banka ödəniləcək bütün komissiyalar, sığorta haqları və digər məcburi ödənişlər daxildir. Ekspertlər qeyd edirlər ki, borcalan həm illik faiz dərəcəsinə, həm də kreditin faktiki maliyyə yükünə diqqət yetirməlidir. Əgər bank könüllü sığorta təklif edirsə, onun qiyməti çox vaxt KTX-yə daxil edilmir, lakin ayrıca göstərilməlidir.
Ödəniş qrafiki və faiz dərəcəsinin dəyişdirilməsi
Ödəniş tarixinin əməkhaqqı tarixinə uyğunluğu vacibdir. Əgər müqavilədə ödəniş üsulu annuitetdirsə (bərabər hissələrlə), məbləğ hər ay eyni qalmalıdır. Diferensial ödənişlərdə isə məbləğ tədricən azalır. Banklar çox vaxt sığorta paketindən imtina edildiyi halda faiz dərəcəsinin artırılması bəndini müqaviləyə daxil edirlər. Bu hüquqi baxımdan icazə verilən prosedurdur, lakin borcalan bu dəyişikliyin maliyyə yükünü əvvəlcədən hesablamalıdır.
Vaxtından əvvəl ödəniş və sanksiyalar
Qanunvericilik kreditin vaxtından əvvəl qaytarılmasına görə cərimələrin tətbiqini qadağan edir. Buna baxmayaraq, bəzi banklar qismən ödəniş üçün minimum məbləğ limiti qoya bilər. Həmçinin, vaxtından əvvəl ödəniş barədə bankı neçə gün öncədən məlumatlandırmalı olduğunuzu yoxlamaq lazımdır. Gecikmələrə görə tətbiq olunan cərimə və dəbbə pullarının həddi də qanunla tənzimlənir. Əgər müqavilədə göstərilən məbləğ qanuni hədləri aşırsa, belə bir sənədi imzalamaqdan imtina edilməlidir.
Bank əməkdaşına verilməli olan suallar:
Müqaviləni imzalamazdan əvvəl menecerə aşağıdakı sualları ünvanlamaq tövsiyə olunur:
- Kreditin tam dəyəri manatla (və ya xarici valyuta ilə) nə qədərdir?
- Hansı əlavə komissiyalar və ödənişlər nəzərdə tutulub?
- Hansı sığorta növləri məcburidir, hansıları könüllüdür?
- Sığortadan imtina edilərsə, faiz dərəcəsi necə dəyişəcək?
- Gecikmə halında tətbiq olunan maksimum sanksiya məbləği nə qədərdir?
Tələskənlik kredit müqaviləsi imzalanarkən ən böyük səhvdir. Borcalanın müqaviləni evə aparıb 1-2 gün ərzində dərindən öyrənmək hüququ var. Unutmayın ki, imzanız hər bir bəndlə razılaşmağınız deməkdir. Müqaviləni oxumağa sərf olunan bir saat gələcəkdə həm maliyyə vəsaitlərinizi, həm də əsəblərinizi qoruya bilər.
MONETAR.AZ