İpoteka və Kredit Zəmanət Fondu (İKZF) ölkədə mənzil təminatı və ipoteka kreditləşməsi sahəsində son statistik göstəriciləri açıqlayıb.
27 aprel 2026-cı il tarixinə olan məlumata əsasən, dövlət ipoteka mexanizmi vasitəsilə mənzil şəraitini yaxşılaşdıran vətəndaşların sayı artmaqda davam edir. Rəsmi statistikaya görə, ümumi ipoteka borcalanlarının sayı 58 048 nəfərə çatıb, verilmiş kreditlərin ümumi həcmi 3 milyard 879,996 milyon manat təşkil edib, kirayə mənzil mexanizmi çərçivəsində isə 9 308 mənzil vətəndaşlara təqdim olunub.
Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşdirilməsi nəticəsində yaradılıb və həmin qurumların hüquqi varisi kimi fəaliyyət göstərir.
Fondun əsas məqsədi maliyyə sistemində uzunmüddətli və güzəştli ipoteka kreditlərinə çıxışı genişləndirmək, banklara likvidlik dəstəyi vermək və əhalinin mənzil əldə etməsini daha əlçatan etməkdir. Son illərdə tətbiq olunan dövlət proqramları və güzəşt mexanizmləri bu sahədə dinamikanın qorunmasına və ipoteka kreditlərinə marağın artmasına mühüm təsir göstərib.
MONETAR.AZ