Faizdən yox, komissiyadan qazanan banklar: sektorun yeni reallığı

Faizdən yox, komissiyadan qazanan banklar:

Azərbaycan bank sektoru üçün 2026-cı ilin birinci rübü ənənəvi kredit faizlərindən çox, xidmət haqları və rəqəmsal komissiyalar hesabına formalaşan gəlirlərlə yadda qalıb. Lakin bu artım bərabər paylanmır və bazarda ciddi disbalansın olduğunu göstərir.

Rəqəmlər göstərir ki, qeyri-faiz gəlirləri üzrə lider mövqedə olan Kapital Bank və ABB bazarın böyük hissəsini nəzarətdə saxlayır. Bu iki bankın ümumi qeyri-faiz gəlirləri təxminən 298 milyon manat təşkil edir ki, bu da digər 19 bankın toplam göstəricisindən demək olar iki dəfə çoxdur.

Kapital Bankın 163 milyon manatlıq gəliri ölkədə kart əməliyyatları və ödəniş sistemlərində dominant mövqeyini açıq şəkildə ortaya qoyur. ABB-də isə qeyri-faiz gəlirlərinin 74,4% artması rəqəmsal transformasiyanın bank üçün yüksək gəlir mənbəyinə çevrildiyini göstərir. Bununla belə, bu artımın müştərilər üçün xidmətlərin bahalaşması hesabına əldə olunub-olunmadığı açıq qalır.

Sektorun böyük oyunçularından biri olan PASHA Bank isə fərqli dinamika nümayiş etdirir. Bankın qeyri-faiz gəlirlərində 37,6% azalma qeydə alınıb. Bu tendensiya ya iri korporativ müştərilərin azalması, ya da xarici əməliyyatlardan əldə olunan gəlirlərin zəifləməsi ilə izah oluna bilər. Belə bir geriləmə bankın bazardakı mövqeyi ilə bağlı suallar yaradır.

Kiçik banklar üçün isə vəziyyət daha mürəkkəbdir. Bank Avrasiya cəmi 834 min manat qeyri-faiz gəliri əldə edib, Bank Melli Iran isə rübü mənfi göstərici ilə başa vurub. Bu, həmin bankların müasir bankçılıq xidmətlərindən və rəqəmsal bazardan kənarda qaldığını göstərir. Müasir şəraitdə qeyri-faiz gəlirləri olmayan bankların bazarda davamlı mövqe tutması getdikcə çətinləşir.

Digər tərəfdən, Bank of Baku və Premium Bank kimi banklarda qeyri-faiz gəlirlərinin kəskin artımı müşahidə olunur. Bu artımın yeni xidmətlərin yaradılmasından çox, mövcud xidmət haqlarının və komissiyaların artırılması ilə bağlı olması ehtimal edilir. Xüsusilə istehlak kreditlərinə fokuslanan banklarda bu tendensiya müştərilər üçün əlavə maliyyə yükü deməkdir.

2026-cı ilin ilk rübü göstərir ki, Azərbaycan bank sektoru tədricən “faiz gəlirləri” modelindən “komissiya gəlirləri” modelinə keçir. Lakin bu keçid xidmət keyfiyyətinin yüksəlməsi ilə deyil, daha çox tariflərin artması ilə müşayiət olunur.

Eyni zamanda, bazarda inhisarlaşma riski artır. İlk iki bankın qeyri-faiz gəlirlərinin 65%-dən çoxuna nəzarət etməsi rəqabətin faktiki olaraq məhdud olduğunu göstərir.

Mövcud mənzərə onu göstərir ki, bank sektorunda yük tədricən müştərinin üzərinə keçir. Böyük banklar daha çox qazanır, kiçik banklar isə rəqəmsal transformasiya dalğasında geri qalır. Rəsmi hesabatlar artımı nümayiş etdirsə də, bu artımın keyfiyyəti və davamlılığı açıq sual olaraq qalır.

MONETAR.AZ