Birləşmiş Krallıqda inflyasiya mart ayında kəskin artaraq 3,3%-ə çatıb. Bu artım əsasən avtomobil yanacağının bahalaşması ilə bağlı olub və fevraldakı 3%-lik göstərici ilə müqayisədə yüksələrək son iki ayın nisbi sabitliyini pozub.
Milli Statistika İdarəsibildirib ki, fevraldan martadək benzinin qiyməti litr üçün 8,6 pens, dizel yanacağı isə 17,6 pens artıb. Bu isə ötən ilin eyni dövründə qeydə alınmış azalma ilə ziddiyyət təşkil edir.
Ümumilikdə, avtomobil yanacağının qiymətləri fevralda illik 4,6% azalmadan martda 4,9% artıma keçib ki, bu da 2023-cü ilin yanvarından bəri ən yüksək göstəricidir.
Nəqliyyat xərcləri ümumilikdə illik müqayisədə 4,7% artıb (fevralda 2,4%). Aviabiletlər də inflyasiyaya təsir göstərərək əvvəlki ayla müqayisədə 10% bahalaşıb. Bu, əsasən Pasxa dövründə uzunməsafəli uçuşlara tələbatın artması ilə izah olunur və 2016-cı ildən bəri fevral–mart dövrü üçün ən böyük artımdır.
Ərzaq və alkoqolsuz içkilərin qiymətləri illik ifadədə 3,7%-ə yüksəlib (fevralda 3,3%). Xüsusilə şokolad, ət və sərinləşdirici içkilər qiymət artımına əsas təsir göstərib.
Geyim və ayaqqabı isə əksinə, inflyasiyanı müəyyən qədər zəiflədib. Bu kateqoriyada qiymətlər illik müqayisədə 0,8% azalıb (fevralda 0,9% artım). Bu, 2021-ci ilin martından bəri ən zəif göstəricidir.
Enerji, ərzaq, alkoqol və tütünü istisna edən baza inflyasiya bir qədər azalaraq 3,1%-ə düşüb (fevralda 3,2%). Xidmət sektorunda inflyasiya isə 4,5%-ə yüksəlib (əvvəl 4,3%).
Mənzil xərclərini də əhatə edən genişləndirilmiş CPIH göstəricisi 3,4%-ə çatıb (fevralda 3,2%). Bununla belə, Böyük Britaniyada inflyasiya Avropa Birliyi üzrə orta göstəricidən (2,8%), həmçinin Almaniya (2,8%) və Fransa (2%) səviyyələrindən yüksək olaraq qalır.
MONETAR.AZ