İlon Mask öz bank tətbiqini buraxacaq

İlon Mask öz bank tətbiqini

İlon Mask “X Money” adlı yeni maliyyə xidmətini istifadəyə verməyə hazırlaşır. Bu xidmət X (Twitter) ekosisteminin bir hissəsi olacaq. Bloomberg-in məlumatına görə, tətbiqin ABŞ-da artıq aprel ayının sonunadək istifadəyə verilməsi gözlənilir.

Yeni xidmət istifadəçilərə komissiyasız pul köçürmələri, müəyyən kateqoriyalarda 3%-ə qədər keşbek və hesablardakı vəsaitə illik 6%-ə qədər gəlir təklif edəcək. Bundan əlavə, sistemdə şəxsi maliyyənin idarə olunması üçün süni intellekt əsaslı “rəqəmsal köməkçi” (AI concierge) də olacaq.

X Money həmçinin Visa ödəniş sistemi əsasında metal bank kartlarının buraxılmasını da nəzərdə tutur.

Layihə İlon Maskın “super-tətbiq” yaratmaq strategiyasının davamı kimi qiymətləndirilir. Yəni həm ünsiyyət, həm də maliyyə xidmətlərini bir platformada birləşdirən ekosistem. O, daha əvvəl PayPal şirkətinin həmtəsisçilərindən biri kimi də ödəniş sənayesində rol almışdı.

Bununla belə, şirkət hələ ABŞ-ın bəzi ştatlarında, o cümlədən Nyu-Yorkda, lazımi lisenziyaları əldə etməyib. Bu isə xidmətin geniş miqyasda yayılmasını ləngidə bilər.

Qeyd edək ki, apreldə XChat adlı mesajlaşma tətbiqi də iOS platformasında istifadəyə verilmişdi.

MONETAR.AZ