Axios nəşrinin məlumatına görə, İran ABŞ-a Hörmüz boğazının açılması və müharibənin dayandırılması ilə bağlı yeni plan təqdim edib. Məlumat amerikalı rəsmi şəxsə və məsələdən xəbərdar iki mənbəyə istinadən yayılıb.
Bildirilir ki, təklif İranın nüvə proqramı ilə bağlı müzakirələrin daha sonraya təxirə salınmasını nəzərdə tutur.
Bu xəbər ABŞ ilə İran arasında diplomatik münasibətlərin hələ də çıxılmaz vəziyyətdə qaldığı bir vaxtda yayılıb. Donald Trump ötən həftə atəşkəs rejimini qeyri-müəyyən müddətə uzatsa da, tərəflər arasında ciddi irəliləyiş əldə olunmayıb.
Həftəsonu Tramp ABŞ-ın yüksək səviyyəli diplomatlarının Pakistana planlaşdırılan səfərini də ləğv edib. Bu qərar Tehran nümayəndələrinin İslamabaddan ayrılmasından qısa müddət sonra verilib.
Vaşinqton və Tehran yeni sülh danışıqlarının təşkili istiqamətində yalnız məhdud irəliləyiş əldə ediblər. ABŞ-ın tətbiq etdiyi dəniz blokadası və İranın boğazı bağlı saxlaması əsas mübahisə mövzuları olaraq qalır.
Axios-un qeyd etdiyi kimi, İranın təklifi ABŞ-ın gələcək danışıqlarda zənginləşdirilmiş uran ehtiyatlarının azaldılması və yeni zənginləşdirmənin qarşısının alınması ilə bağlı əsas təsir rıçaqlarını zəiflədə bilər.
Qeyd edək ki, ABŞ 2025-ci ilin ortalarında İranın nüvə infrastrukturuna ciddi zərbələr endirmişdi, lakin regionda gərginlik artdıqca proqramın real vəziyyəti qeyri-müəyyən olaraq qalır.
İran fevral ayının sonundan etibarən Hörmüz boğazına effektiv nəzarəti saxlayır. Raketlər, minalar və sürətli katerlər vasitəsilə bu strateji su yolunu blokada altında tutur.
Hörmüz boğazı dünya neft tədarükünün təxminən 20%-nin keçdiyi əsas marşrut hesab olunur. Onun bağlanması xüsusilə Asiyanın iri iqtisadiyyatlarına ciddi təsir göstərib və neft qiymətlərinin kəskin artmasına səbəb olub.