Deutsche Telekom dünyanın ən böyük birləşmə sazişinə hazırlaşır

Deutsche Telekom dünyanın ən böyük

Avropanın ən böyük telekommunikasiya şirkəti Deutsche Telekom ABŞ-dakı bölməsi T-Mobile US ilə tam birləşmə planlarını müzakirə edir. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, tərəflər yeni holdinq şirkətinin yaradılması üzərində işləyir. Planlaşdırılır ki, bu yeni struktur həm ABŞ, həm də Avropa birjalarında IPO vasitəsilə listinqə çıxarılsın. Mövcud səhmdarlara isə Deutsche Telekom və T-Mobile US səhmlərini yeni emitentin qiymətli kağızları ilə dəyişmək təklif olunacaq.

Bloomberg-in qiymətləndirməsinə əsasən, bu birləşmə baş tutarsa, tarixdə ən böyük açıq M&A (birləşmə və udulma) əməliyyatı ola bilər. Yeni qurumun ümumi bazar dəyəri təxminən 380 milyard dollar təşkil edə bilər (təxminən 162 milyard dollar Deutsche Telekom, 215 milyard dollar isə T-Mobile US).

Lakin investorlar bu xəbəri müsbət qarşılamayıb: məlumatların yayılması fonunda Deutsche Telekom səhmləri 2%, T-Mobile US səhmləri isə 1,5% ucuzlaşıb.

Əgər razılaşma reallaşarsa, o, tarixdəki əvvəlki rekordları, o cümlədən America Online-un Time Warner ilə təxminən 186 milyard dollarlıq birləşməsini və Vodafone AirTouch tərəfindən Mannesmann şirkətinin alınmasını geridə qoya bilər.

Bununla belə, ekspertlər qeyd edir ki, birləşmə asan baş tutmayacaq. Şirkətlər bir sıra tənzimləyici və siyasi maneələrlə üzləşə bilər. Xüsusilə, Almaniya hökumətinin razılığı vacibdir, çünki dövlət Deutsche Telekom-da təxminən 14% paya malikdir.

 

MONETAR.AZ