Özbəkistan “Sea Breeze” kurortunun tikintisinin ilk mərhələsini təsdiqləyib

Özbəkistan “Sea Breeze” kurortunun tikintisinin

Özbəkistanın Dövlət Ekoloji Ekspertiza Mərkəzi Çarvak su anbarı ərazisində inşa ediləcək “Sea Breeze” kurortunun tikintisinin ilk mərhələsini təsdiqləyib. Bu barədə yerli KİV-lər məlumat yayıb.

Ekspertiza rəyi 10 fevral 2026-cı ildə verilib və 10 fevral 2029-cu ilədək qüvvədə olacaq.

“Sea Breeze Uzbekistan” layihəsi azərbaycanlı iş adamı Emin Ağalarov tərəfindən həyata keçirilir. O, layihənin konsepsiyasını 2024-cü ilin dekabrında Özbəkistan prezidenti Şavkat Mirziyoyevə təqdim edib.

Kurort kompleksi Çarvak su anbarının şərq sahilində Yakkatutu və Boladala qəsəbələri arasında yerləşən 577 hektar ərazini əhatə edəcək. Layihəyə 7 km uzunluğunda sahil xətti, hotellər, apartamentlər, villalar, çimərliklər, idman meydançaları, ictimai məkanlar, tibbi klaster və 2 min nəfərlik amfiteatr daxildir.

Tikinti işlərinin 10 il, 2035-ci ilə qədər davam etməsi planlaşdırılır. İlk mərhələ isə təxminən 100 hektar ərazini əhatə edəcək.