İlon Maska məxsus X şirkəti ünsiyyət üçün ayrıca “XChat” tətbiqini təqdim edib. Yeni tətbiq App Store vasitəsilə iPhone və iPad cihazlarında istifadəyə verilib. X platformasının (keçmiş Twitter) ekosisteminə bağlı olan bu xidmət şəxsi yazışmalar üçün nəzərdə tutulub və daxili mesajlaşma sisteminə daha rahat alternativ kimi təqdim olunur. Bu barədə 9to5Mac məlumat yayıb.
Tətbiq iOS 26 dizaynına uyğunlaşdırılıb və əsas X tətbiqindən fərqli olaraq sistemin aktual klaviaturasından istifadə edir. XChat geniş fərdiləşdirmə imkanları təqdim edir: açıq və ya tünd rejim seçimi, mesaj icazələrinin idarə edilməsi və jestlərin tənzimlənməsi kimi funksiyalar mövcuddur. İnterfeysdə həmçinin əsas X tətbiqinə sürətli keçid düyməsi də yer alır.
Tərtibatçılar bildirirlər ki, xidmət mesajlaşmada end-to-end şifrələmə (ucdan uca şifrələmə) dəstəkləyir və reklam və izləmə mexanizmlərindən azaddır. Funksiyalar arasında qrup çatları, videozənglər, öz-özünə silinən mesajlar və ekran görüntülərinin bloklanması da var. Lakin ilkin versiyada CarPlay dəstəyi mövcud deyil.
Təsvirə əsasən, XChat “X istifadəçiləri ilə məxfi və xüsusi ünsiyyət mühiti” yaradır. Tətbiq ötən ildən bəri test mərhələsində idi və bu həftə X platformasında baş verən dəyişikliklərlə eyni vaxtda istifadəyə verilib. Bu dəyişikliklər çərçivəsində Communities funksiyası dayandırılır və onun yerinə Groupchat Links sistemi gətirilir.
Qeyd olunur ki, daha əvvəl Pavel Durov Telegram-ın Fransada fəaliyyətini dayandıra biləcəyini istisna etməmişdi.
MONETAR.AZ