Windows 11-in qıcıqlandıran xüsusiyyəti aradan qaldırılıb

Windows 11-in qıcıqlandıran xüsusiyyəti

Microsoft istifadəçilərə Windows 11 sistemini yenidən quraşdırarkən və ya ilk dəfə sazlayarkən yeniləmələrin quraşdırılmasını keçmək imkanı verib. Bu barədə Windows Latest məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, əməliyyat sisteminin ilk quraşdırma mərhələsində bütün yeniləmələrin mütləq yüklənməsi uzun müddətdir istifadəçiləri narahat edən əsas məqamlardan biri idi. Aprelin sonunda şirkət açıqlayıb ki, istifadəçilər artıq yeniləmələri özləri üçün uyğun vaxta qədər təxirə sala biləcəklər.

Qeyd olunur ki, bu proses OOBE (Out-of-Box Experience) adlanır və indiyədək Windows-un ilkin qurulmasının ayrılmaz hissəsi hesab olunurdu. Yeni versiyada isə istifadəçilər “Daha sonra yenilə” düyməsini seçərək birbaşa iş masasından istifadə etməyə başlaya biləcəklər.

Bununla belə, bu funksiya hazırda yalnız korporativ versiyadan istifadə edənlər üçün əlçatandır. Microsoft bildirib ki, yaxın vaxtlarda bu imkan adi istifadəçilər üçün də təqdim olunacaq.

Bundan əvvəl də istifadəçilərə yeniləmələri 5 həftəyə qədər təxirə salmaq imkanı verilmişdi. Yeni dəyişiklik isə ilkin quraşdırma mərhələsini daha çevik və rahat edir.

MONETAR.AZ