“Azercell” eSIM-ə keçid prosesini rəqəmsallaşdırır

“Azercell” eSIM-ə keçid prosesini

Azercell Telecom müştəri təcrübəsinin ardıcıl rəqəmsallaşdırılmasını davam etdirərək eSIM-ə keçidi onlayn formatda həyata keçirməyə imkan verən yeni həll təqdim edib. Artıq abunəçilər fiziki SIM kartı birbaşa mobil tətbiq vasitəsilə eSIM-lə əvəz edə bilərlər — sürətli, rahat və xidmət mərkəzlərinə müraciət etmədən.

“Azercell” tətbiqinə inteqrasiya olunan yeni funksiya keçid prosesini tam rəqəmsal şəkildə, bir neçə sadə addımda həyata keçirməyə imkan verir. İstifadəçi telefon nömrəsini və şəxsiyyət vəsiqəsi məlumatlarını daxil edir, bundan sonra birdəfəlik kod (OTP) vasitəsilə təsdiqləmə mərhələsindən keçir. Növbəti mərhələdə eSIM ya avtomatik yaradılan QR-kod vasitəsilə, ya da tətbiq daxilində təqdim olunan addım-addım təsdiq mexanizmi ilə aktivləşdirilir. QR-kod eyni zamanda istifadəçinin qeyd etdiyi e-poçt ünvanına da göndərilir.

eSIM texnologiyası istifadəçilərə mobil rabitəni daha çevik idarə etmək imkanı yaradır və fiziki SIM kartdan istifadə zərurətini aradan qaldırır. Bu texnologiya bir cihazda bir neçə nömrədən istifadə etməyə, həmçinin cihaz dəyişdirilməsi və bağlantıların idarə olunmasını xeyli asanlaşdırmağa şərait yaradır.

“Azercell” gələcəkdə də rəqəmsal xidmətlərin inkişafını davam etdirərək innovativ həllərin tətbiqinə və abunəçilərə göstərilən xidmət keyfiyyətinin daha da artırılmasına fokuslanacaq.