Liaoning Texniki Universitetinin alimləri 5G rabitəsi üçün kağız əsaslı antena hazırlayıblar. Texnologiya və prototipin sınaq nəticələri Chinese Journal of Ship Research jurnalında dərc olunub.
Hazırlanma “son mil” rabitə üçün ucuz və genişmiqyaslı həll kimi təqdim olunur. Belə antenanın istehsal materialları analoqlarla müqayisədə 95%-dən çox ucuzdur və eyni zamanda bioloji parçalana biləndir.
Tədqiqatçıların məqsədi “gəmilərdə mürəkkəb şəraitə uyğun çoxkanallı anten sistemi” yaratmaq olub və bu hədəfə nail olunduğu bildirilir. Məqalədə hərbi tətbiqdən bəhs edilməsə də, South China Morning Post bu texnologiyanın hərbi dəniz donanması üçün potensial əhəmiyyətini xüsusi vurğulayıb.
Konstruktorlar sərt əsaslar əvəzinə qalınlığı 0,3 mm-dən az olan parlaq foto-kağızdan istifadə ediblər. Onun üzərinə trafaret çap üsulu ilə elektrik keçirici mis pasta çəkilib. Bu yanaşma performans və qiymət arasında optimal balans yaratmağa imkan verib.
Gəmi korpusunun metal təsirini kompensasiya etmək üçün antenada nazik hava qatından istifadə olunub ki, bu da şüalanma diaqramını sabitləşdirir. Qoruyucu örtük tətbiq edildikdə antena rütubətə, duzlu duman şəraitinə və dəfələrlə əyilməyə davamlı olur.
Dörd portlu MIMO sxemi 5G-nin iki diapazonunda (28 GHz və 38 GHz) ötürməni təmin edir və qarşılıqlı müdaxilə səviyyəsi −32 dB-dən aşağıdır. Laboratoriya sınaqları göstərib ki, şüalanma effektivliyi 80%-dən yuxarıdır, maksimum gücləndirmə isə müvafiq olaraq 4,3 və 3,8 dBi təşkil edir.
Antennanın ölçüləri cəmi 25x43 mm-dir. Sərt və bahalı analoqlardan fərqli olaraq, onu stiker kimi əyri səthlərə — məsələn, gəmi arakəsmələrinə və borulara yapışdırmaq mümkündür.
Bu texnologiya yalnız gəmilərdə deyil, həm də pilotsuz uçuş aparatlarında, portativ rabitə terminallarında, “ağıllı” anbar sistemlərində və Əşyaların İnterneti (IoT) cihazlarında tətbiq oluna bilər.
Bununla belə, tədqiqat müəllifləri qeyd edirlər ki, sınaqlar əsasən laboratoriya şəraitində aparılıb və real mühitdə uzunmüddətli dayanıqlılıq əlavə araşdırmalar tələb edir.
MONETAR.AZ