21 aprel Ümumdünya Yaradıcılıq və İnnovasiya Günüdür

21 aprel Ümumdünya Yaradıcılıq və

Aprelin 21-də dünyada Ümumdünya Yaradıcılıq və İnnovasiya Günü qeyd olunur. Bu gün yaradıcılıq və innovasiyanın davamlı inkişafda rolunu vurğulamaq məqsədi daşıyır.

Məlumata görə, bu əlamətdar gün Birləşmiş Millətlər Təşkilatı tərəfindən beynəlxalq günlər sisteminə daxil edilib. İlk dəfə 2002-ci ildə qeyd olunmağa başlanıb, 2017-ci ildə isə rəsmi şəkildə təsis olunub.

BMT bildirir ki, yaradıcılıq anlayışı vahid şəkildə izah olunmur və bu, bədii ifadədən tutmuş problemlərin innovativ həllinə qədər geniş sahəni əhatə edir. Bu səbəbdən də aprelin 21-i yaradıcılığın insan inkişafının bütün istiqamətlərində əhəmiyyətini vurğulamaq üçün xüsusi gün kimi müəyyən edilib.

Qeyd olunur ki, yaradıcılıq müxtəlif mədəniyyətlərin birləşməsinə, sosial və iqtisadi inkişafın güclənməsinə töhfə verir. UNESCO isə ölkələrə yaradıcı sənayelərin inkişafı və sənət azadlığının təşviqi istiqamətində dəstək göstərir.

Yaradıcı sənayelərə audiovizual məhsullar, dizayn, yeni media, ifaçılıq sənəti, nəşriyyat və təsviri incəsənət daxildir. Bu sahələr dünya iqtisadiyyatında gəlir və məşğulluq baxımından mühüm yer tutur. Statistikaya əsasən, mədəniyyət və yaradıcılıq qlobal ÜDM-in 3,1 faizini, məşğulluğun isə 6,2 faizini təşkil edir.

MONETAR.AZ